Son dəqiqə:

Putinin nümayəndəsi Ağ Evdə: Oleşkidə atəşkəs göstərişini Putin şəxsən verib

Foto: kremlin.ru, CC BY 4.0, Wikimedia Commons
05-11-2026 20:23

ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini qəbul edib. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev görüşdə deyib ki, Rusiyanın işğal etdiyi Oleşkidə atəşkəs üçün lazımi göstərişləri Vladimir Putin şəxsən verib. Şəhərin adı rus mənbələrində Aleşki kimi keçir.

BBC-nin rus xidməti yazır ki, Dmitriyev qısa çıxışında Putinin adını bir neçə dəfə çəkib, onun Donald Trampın sülh səylərini yüksək qiymətləndirdiyini deyib və şəhərdə qalan sakinlərə humanitar yardımın davam edəcəyinə söz verib. Sonda o, Melaniya Trampa rəsm hədiyyə edib. Dmitriyevin sözlərinə görə, rəsmi Oleşkidən Rusiyaya getmiş 11 yaşlı qız çəkib.

Melaniya Tramp görüşdə deyib ki, təxliyənin bütün mərhələlərində iştirak edib: minatəmizləmə planlarını və peyk şəkillərini öyrənib, yolların vəziyyətinin və təxliyə marşrutlarının müzakirəsinə qoşulub. Onun sözlərinə görə, Putin və Zelenskiyə şəxsən məktub yazıb və görüş iştirakçılarından bu məktubları prezidentlərə çatdırmağı xahiş edib. O, Oleşkidəki atəşkəsin daha geniş sülh üçün başlanğıc olacağına ümid etdiyini də bildirib.

Rusiyanı görüşdə Dmitriyevlə yanaşı, insan haqları üzrə müvəkkil Yana Lantratova təmsil edib, hər ikisi 2022-ci ildən ABŞ sanksiyaları altındadır. Ukrayna tərəfindən parlamentin insan haqları üzrə müvəkkili Dmitro Lubinets və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya iştirak edib.

Oktyabrın sonunda Oleşkidən mülki sakinlərin çıxarılması üçün elan olunan müvəqqəti atəşkəs Rusiyanın geniş miqyaslı işğalından sonra tərəflərin ilk birgə humanitar missiyası sayılır. Ukrayna noyabrın əvvəlində Rusiyanın atəşkəsi uzatmadığını və fasilədən istifadə edərək şəhərə ağır texnika gətirdiyini deyib. Fransanın “Le Monde” qəzeti isə təxliyəni Moskva və Kiyevin kəşfiyyat xidmətlərinin hazırladığını yazıb və Melaniya Trampın rolunu şübhə altına alıb.

Digər xəbərlər