Son dəqiqə:

“Brent” nefti bir gündə 8,7 faiz ucuzlaşandan sonra yenidən 97 dollara qalxıb

Foto: Rangan Datta Wiki, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 20:02

“Brent” markalı neftin yanvar fyuçersləri noyabrın 5-i axşam Londonda 2,64 faiz bahalaşaraq barel üçün 97,12 dollara çatıb. ABŞ-nin WTI markası Nyu-Yorkda 2,26 faiz artaraq 90,11 dollar olub. Həmin gün səhər “Brent” 94 dollar ətrafında satılırdı.

Bir gün əvvəl “Brent” 8,7 faiz, WTI isə 8,3 faiz ucuzlaşmışdı. Enişin səbəbi Demokrat Partiyasının ABŞ Konqresinin hər iki palatasında çoxluğu qazanması kimi izah olunur. Donald Tramp respublikaçıların məğlubiyyətində Yaxın Şərq münaqişəsinin və benzin qiymətlərinin böyük rol oynadığını qəbul edib.

“Sparta Commodities” şirkətinin baş neft analitiki Cun Qoh deyib ki, bazar seçkilərin Trampın İranla bağlı addımlarına təsirini qiymətləndirir və müharibənin bitmə ehtimalını daha yüksək görür. Onun fikrincə, qarşıda kəskin qiymət dəyişiklikləri də ola bilər, çünki diplomatik yolda bilinməyən çoxdur, dünyanın strateji yanacaq ehtiyatları isə xeyli azalıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu noyabrın 5-də Hörmüz boğazında Tehranın icazə vermədiyi marşrutla keçməyə çalışan iki neft tankerində və bir yedək gəmisində yanğın baş verdiyini bildirib. Korpusun açıqlamasına görə, böyük tankerlərdən biri Omana yaxın cənub keçidində minaya düşüb.

Azərbaycanın 2027-ci il büdcəsi neftin bareli 65 dollar olacağı ehtimalı ilə hesablanıb, büdcə sənədlərində “fiskal itkisiz” qiymət isə 85 dollar göstərilir. “Brent”in qiyməti hələlik hər iki həddən yuxarıdır.

Digər xəbərlər