Son dəqiqə:

“Brent” neftinin qiyməti yenidən 100 dolları ötüb

Neft Daşları, Xəzər dənizi. Foto: Bruno Girin on Flickr, CC BY-SA 2.0, Wikimedia Commons
06-11-2026 07:54

Londonun ICE birjasında “Brent” neftinin yanvar müqavilələri cümə səhəri 2,36 faiz bahalaşaraq bir barel üçün 100,61 dollara çatıb. Nyu-York birjasında “WTI” markalı neftin dekabr müqavilələri də 1,73 faiz artaraq 92,09 dollar olub.

Bir gün əvvəl “Brent” 3,67 dollar, yəni 3,88 faiz bahalaşaraq 98,29 dollarla bağlanmışdı. Çərşənbə günü isə qiymət kəskin enmişdi: bazarda ABŞ Konqresinə seçkilərdə Demokratların inamlı qələbəsinin İranla münaqişənin sonunu yaxınlaşdıracağı gözlənilirdi.

Qiymətin yenidən qalxmasına Hörmüz boğazında gəmilərə yeni hücumlar barədə xəbərlər təsir edib. “Trading Economics” portalının məlumatına görə, həftənin əvvəlindən boğazda gəmilərlə bağlı azı beş hadisə qeydə alınıb.

ANZ Group bankının xammal bazarı analitiki Daniel Hayns deyib ki, treyderlər çərşənbə günü baş verən satışı həddindən artıq sayıblar. Onun sözlərinə görə, İran Hörmüz boğazına nəzarəti saxlayır və çətin ki, ondan imtina etsin, hazırda boğazdan keçən yükün həcmi isə onun imkanının 60 faizindən azdır.

Azərbaycan büdcəsinin gəlirlərinin böyük hissəsi neft ixracından gəldiyi üçün dünya bazarındakı qiymət dəyişmələri ölkənin maliyyəsinə birbaşa təsir edir.

Digər xəbərlər