İran donanması: Hörmüz boğazında daha iki tanker minaya düşüb, bir sutkada azı beş tankerdə yanğın olub
İran Hərbi Dəniz Qüvvələri bildirir ki, Hörmüz boğazından keçən daha iki tanker minaya düşüb və alışıb.
Hərbçilərin iddiasına görə, tankerlərin heyətləri xəbərdarlıqlara məhəl qoymayıb, qadağan zonaya girib və oradan Tehranla razılaşdırmadan keçməyə çalışıb. Dəniz qüvvələri son 24 saatda İranla razılaşdırılmayan marşrutlarla keçmək istəyən azı beş tankerdə yanğın baş verdiyini deyir.
Noyabrın 5-də səhər İslam İnqilabı Keşikçiləri Korpusu da iki tanker və bir yedək gəmisinin alışdığını, ABŞ-yə məxsus iki dronu ələ keçirdiyini bildirmişdi. Korpus bu bəyanatda Vaşinqtonu gəmiləri minalanmış sulardan keçməyə məcbur etməkdə ittiham edirdi. İyulda oxşar iddiaya ABŞ Mərkəzi Komandanlığı “yalandır” cavabını vermişdi.
Eyni gün Britaniyanın dəniz ticarəti agentliyi UKMTO Qətər sahillərində bir neft tankerinin iki naməlum mərmi ilə vurulduğunu bildirib.
