Son dəqiqə:

Məhkəməsi yenicə başlayan Əli Kərimli Beynəlxalq Maqnitski Mükafatını alan üçüncü azərbaycanlı olub

Foto: VOA, Public domain, Wikimedia Commons
05-11-2026 22:01

Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatının təşkilatçıları 2026-cı il üzrə “Görkəmli müxalifət siyasətçisi” nominasiyasının qalibi kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin adını açıqlayıb. Qərar onun demokratiya və insan hüquqları uğrunda uzunmüddətli fəaliyyəti ilə əsaslandırılıb.

Təşkilatçılar təqdimatda yazır ki, Kərimli uzun illər demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə və vətəndaş azadlıqlarının müdafiəsi üçün çalışıb. Onlar ittihamları siyasi motivli adlandırır, onun həbsdə pis rəftara məruz qaldığını və səhhətinin pisləşdiyini bildirir, beynəlxalq insan hüquqları təşkilatlarının azadlığını tələb etdiyini xatırladır.

Kərimli 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamı irəli sürülüb. O, ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun və AXCP üzvü Məmməd İbrahimin işi üzrə proses başlayıb.

Mükafat 2015-ci ildən verilir. O, Rusiyada korrupsiya faktlarını ifşa etdikdən sonra həbs edilən və 2009-cu ildə həbsxanada ölən hüquqşünas Sergey Maqnitskinin xatirəsinə təsis edilib. Təşəbbüs beynəlxalq Maqnitski kampaniyasının rəhbəri, britaniyalı maliyyəçi Bill Brauderlə bağlıdır.

Azərbaycandan bu mükafatı əvvəllər araşdırmaçı jurnalist Xədicə İsmayıl 2017-ci ildə korrupsiya araşdırmalarına, hüquq müdafiəçisi Jalə Bayramova isə 2024-cü ildə insan hüquqlarının müdafiəsinə görə alıb.

Digər xəbərlər