Həbsdəki jurnalist Elnarə Qasımova həbsxanadan yazdığı yazılara görə Kurt Şork mükafatına layiq görülüb
“Abzas Media” jurnalisti Elnarə Qasımova 2026-cı il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatının “Yerli jurnalist” kateqoriyasında ikinci yerə layiq görülüb. Kurt Şork Xatirə Fondu bu barədə oktyabrın 31-də məlumat yayıb. Mükafat ona həbsxana şəraiti barədə hazırladığı yazılara görə verilib.
Qasımova “Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilib. Fondun münsiflər heyətinin rəyinə görə, jurnalist yazılarında həbsxanalardakı korrupsiyanı, rüşvətxorluğu, təhlükəli əmək şəraitini, qadın məhbusların gündəlik üzləşdiyi ayrı-seçkiliyi və alçaldıcı rəftarı sənədləşdirib. Münsiflər bu yazıları “böyük cəsarət” nümunəsi adlandırıb, onun yığcam, faktlara əsaslanan, emosional mühakimədən uzaq üslubunu da yüksək qiymətləndirib.
“Abzas Media”nın mühacirətdəki direktor əvəzi və baş redaktoru Günel Səfərova bildirib ki, Azərbaycanda təxminən 30 jurnalist və media işçisi həbsdədir və bu tanınma təkcə Qasımova üçün deyil, onların hamısı üçün önəmlidir: “Bu, onlara unudulmadıqlarını, gördükləri jurnalist işinin əhəmiyyətli olduğunu xatırladır”.
Kateqoriyanın əsas mükafatını Nigeriya jurnalisti Abdullah Tijani qazanıb. O, ölkənin Zamfara ştatındakı qanunsuz qızıl mədənlərində insanların məcburi əməyə cəlb olunmasını araşdırıb.
Mükafat 2000-ci ildə Sierra-Leonedə öldürülən amerikalı jurnalist Kurt Şorkun xatirəsinə verilir.

