Son dəqiqə:

“Omid” mağazalar şəbəkəsinin rəhbəri barəsində işçidən zorla pul tələb etmək ittihamı ilə həbs qərarı seçilib

Gəncə Şəhər Məhkəməsi, illüstrativ foto. Foto: Sefer azeri, CC BY-SA 4.0, Wikimedia Commons
06-11-2026 09:31

Azərbaycanda təmir, tikinti və məişət mallarının ən böyük satıcılarından olan “Omid” mağazalar şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə barəsində dörd aylıq həbs qərarı seçilib. Hər ikisinə Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə, yəni zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürülüb. Məhkəmə qərarı noyabrın 5-i axşam verilib.

“Qafqazinfo” saytı əldə etdiyi məlumata istinadən yazır ki, ittihama görə, Məmmədov və Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan malların pulunu mənimsəməkdə günahlandırıblar. Deyilir ki, onlar bu səbəbdən müdiri döyüb, hədə-qorxu gələrək ondan şirkətə vurduğu ziyana görə 88 min manat tələb ediblər.

Mağaza müdirinin polisə şikayətindən sonra şəbəkənin rəhbəri və satış müdiri saxlanılıblar.

“Omid”in Bakı, Gəncə, Sumqayıt və rayonlarda 100-ə yaxın filialı var.

Digər xəbərlər