Son dəqiqə:

Yaxınları: Həbsdəki “Abzas Media” direktoru Ülvi Həsənli üç gündür cərimə kamerasındadır, iki gün aclıq edib

Arxiv foto: Voice of America, Public domain, Wikimedia Commons
05-11-2026 19:30

“Abzas Media”nın 9 il həbs cəzası alan direktoru Ülvi Həsənlinin üç gündür 10 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə kamerasında saxlanıldığı, iki gün aclıq aksiyası keçirdiyi deyilir. Bu barədə “Abzas Media”ya onun yaxınları məlumat veriblər.

Yaxınlarının sözlərinə görə, Həsənli ona qarşı təzyiqi nəşrdə müəssisədəki problemlər və qanunsuzluq iddiaları barədə çıxan yazılarla bağlayır. O deyir ki, rəhbərlik həmin yazıları saytdan sildirmək və yenilərinin dərcini dayandırmaq üçün ona qarşı təxribat törədir, başqa məhkumları da ona qarşı qaldırır.

“Abzas Media” yazır ki, Gəncədən olan bir məhkum da heç bir qanunsuz əməl törətmədiyi halda bu hadisələrə görə cərimə kamerasına salınıb. Həsənli başqa məhkumların cəzalandırılmasını özünə qarşı birbaşa təzyiq vasitəsi hesab edir.

Onun həyat yoldaşı Rübabə Quliyeva noyabrın 3-də yazmışdı ki, jurnalist noyabrın 2-də cərimə kamerasına salınıb, müəssisənin rəisi Emin Cəfərov və müavini Kamran Şahsuvarov isə onu hədələyir. Quliyeva Ombudsman Aparatına və Penitensiar Xidmətin qaynar xəttinə müraciət etdiyini, ona məsələnin araşdırılacağının deyildiyini bildirib. “Abzas Media” noyabrın 3-də bu iddialarla bağlı Penitensiar Xidmətdən məlumat ala bilmədiyini yazmışdı.

Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb, 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamları ilə 9 il həbs cəzası alıb. “Abzas Media işi” üzrə məhkum olunanlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə bağlayırlar.

Digər xəbərlər