Qazaxıstan Prezidentinin Rusiyanı Türk Dövlətləri Təşkilatına cəlb etmək təklifi Bakıda və Ankarada etirazla qarşılanıb
Qasım-Jomart Tokayev. Foto: Government of Kazakhstan, CC BY 4.0, Wikimedia CommonsQazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiyanı Türk Dövlətləri Təşkilatının (TDT) işinə cəlb etmək və ya ona müşahidəçi statusu vermək təklifi Azərbaycanda və Türkiyədə tənqidlə qarşılanıb. Tokayev bu təklifi oktyabrın 30-da Ankarada keçirilən TDT sammitində səsləndirib və bunu Rusiyanın türk dünyası ilə tarixi bağları, ərazisində çoxlu türk xalqının yaşaması ilə izah edib.
BBC-nin Rus xidməti yazır ki, Kreml təklifi ən azı sözdə həvəslə qarşılasa da, bunun baş tutması ehtimalı azdır: Azərbaycan kəskin etiraz edib, Türkiyə isə müşahidəçilər üçün məhdudiyyətlər olduğunu diplomatik dillə xatırladıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın təşkilatın işində iştirakını məqsədəuyğun adlandırsa da, rəsmi dəvət almadıqlarını demişdi.
BBC-nin hakimiyyətə nəzarət olunan kimi təqdim etdiyi Azərbaycan nəşrləri təklifə qarşı çıxıb. Dövlət qəzeti “Xalq qəzeti” Rusiya imperiyası və SSRİ dövründə türk xalqlarının üzləşdiyi ruslaşdırma və məhdudiyyətləri, rusiyalı siyasətçilərin Mərkəzi Asiya dövlətlərinin suverenliyini və sərhədlərini şübhə altına alan çıxışlarını xatırladıb. Qəzet Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda onun iştirakının TDT-nin sərhədlərə və suverenliyə hörmət prinsipinə uyğun olub-olmadığını soruşub, hətta müşahidəçi statusunun da Moskvaya müzakirələrə təsir etməyə, üzvlər arasında fikir ayrılıqlarını dərinləşdirməyə imkan verəcəyini yazıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının türk dövlətləri ilə əlaqələrdən məsul sədr müavini Kürşad Zorlu xatırladıb ki, müşahidəçi statusu üçün türk və ya qohum dillərdən birinin ölkənin bütün ərazisində dövlət və ya rəsmi dil olması tələb olunur. Onun sözlərinə görə, türk dillərinin Rusiyadakı respublikalarda regional statusu bunun üçün kifayət deyil, digər dövlətlər üçün isə “TDT+” formatı nəzərdə tutulub. Təşkilatın keçmiş baş katibi Halil Akıncı isə türk icmalarının mövcudluğunun tək başına üzvlük üçün əsas ola bilməyəcəyini deyib.
TDT-nin əsas prioritetlərindən biri Çin və Avropa bazarlarını Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Rusiyadan yan keçməklə birləşdirən Transxəzər nəqliyyat dəhlizidir. BBC-nin müsahibi olan qazaxıstanlı politoloq Dosım Satpayev təklifi “çox qəribə” adlandırıb və Tokayevin bununla Kremlə Rusiyanın maraqlarını bəzi istiqamətlərdə lobbi etdiyini göstərməyə çalışdığını deyib. Digər qazaxıstanlı ekspertlərin fikrincə, Astana təşkilatda Türkiyənin artan çəkisinə qarşı tarazlıq axtarır.

