Həbsdəki Ruben Vardanyanın həyat yoldaşı: Bakıdakı erməni məhbuslara baş çəkmək istəyən qadın heyəti ombudsmandan cavab ala bilmir
Bakıda həbsdə olan Rusiya-erməni iş adamı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend müxtəlif ölkələrdən olan qadınlardan ibarət humanitar heyətin Bakıya səfərinin hələlik baş tutmadığını bildirib. Onun yaydığı bəyanata görə, heyət ermənilərin saxlanıldığı Umbakı penitensiar kompleksinə gedib onlara yaxınlarının məktub, foto və bağlamalarını çatdırmaq istəyir.
Zonabend yazır ki, iyundan bəri Azərbaycanın insan hüquqları üzrə müvəkkilinə (ombudsman) bir neçə dəfə müraciət edib, səfərin müxtəlif formalarını, o cümlədən ombudsman aparatının nümayəndəsinin müşayiəti ilə görüşü təklif edib, amma cavab almayıb. Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyindən də diplomatik yardım istəyib, avqustdan bəri məsul şəxs təyin olunmayıb, yazılı müraciətinə cavab verilməyib.
Bəyanatda Azərbaycan mediasında Zonabendin ölkəyə gələrsə həbs oluna biləcəyi barədə yazılar çıxdığı da qeyd olunur. Zonabend həmçinin ərinin yerli vəkilinin avqustun 25-dən ona buraxılmadığını deyir. Azərbaycan rəsmiləri bu iddialara hələlik cavab verməyib.
Zonabend bəyanatında Bakıda saxlanılan erməniləri “girov” adlandırır. Onun sözlərinə görə, oktyabrın 1-də bütün məhbuslar üçün toplanan 1254 məktub Bakıya çatdırılması xahişi ilə Ermənistan hökumətinə təhvil verilib. O, Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, erməni nümayəndə heyətlərinin Azərbaycana getdiyini xatırladaraq, məhbuslara baş çəkməyin bu səfərlərdən birinin gündəliyinə salınmasını təklif edib.
Ruben Vardanyan Qarabağdakı separatçı rəhbərlikdə “dövlət naziri” vəzifəsində işləyib, 2023-cü ilin sentyabrında Laçın yolundakı keçid məntəqəsində saxlanılıb. Bakı onu və Qarabağın keçmiş separatçı rəhbərlərini ağır cinayətlərdə ittiham edir, Vardanyan isə ittihamları qəbul etmir.


