Rusiya və İran Azərbaycan sərhədinə çatacaq Rəşt-Astara dəmir yolu üçün torpaq sənədlərini imzalayıb
Astara-Astara dəmir yolu körpüsü, arxiv foto: Benyamin-ln, Public domain, Wikimedia CommonsTehranda Rəşt-Astara dəmir yolu xətti üzrə sənədlər imzalanıb. Rusiyanın Baş nazirinin müavini Andrey Nikitin jurnalistlərə deyib ki, Rusiyanın “Kaspian Servisez” təşkilatı və İranın CDTIC şirkəti trasın bütün uzunluğunda torpaq sahələrinə giriş barədə protokola və müqaviləyə əlavə razılaşmaya imza atıblar.
Nikitinin sözlərinə görə, bu il rus mütəxəssislər dayaq geodeziya şəbəkəsi qurub və havadan çəkiliş aparıblar, indi hidrometeoroloji və topoqrafik işlər gedir. Rusiya və İran axtarış işlərinə 2025-ci ilin mayında başlamışdılar.
Layihəyə görə, 162 kilometr dəmir yolu, 8 yeni stansiya, 73 körpü, 56 estakada və 30 yol ötürücüsü tikilməlidir. Xətt “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Xəzərin qərb sahili ilə gedən marşrutunun bir hissəsi olacaq.
Bu marşrut Rusiyadan Azərbaycan ərazisindən keçərək İrana gedir. Xətt tikilsə, Rəşt Azərbaycanla sərhəddəki Astara ilə birləşəcək.
