Son dəqiqə:

Rusiya Xarici İşlər Nazirliyi: Ermənistanı KTMT-də zorla saxlayan yoxdur, məsələ Moskva sammitində müzakirə oluna bilər

Arxiv foto: council.gov.ru, CC BY 4.0, Wikimedia Commons
05-11-2026 19:23

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 5-də brifinqdə deyib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyü 11 noyabrda Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər. “Bu məsələnin orada konkret şəkildə nəzərdən keçirilməsini istisna etmirəm”, - o deyib.

“Yerevanın KTMT-də tam hüquqlu iştiraka qayıtmaq imkanı qalır, amma heç kim tərəfdaşları təşkilatda zorla saxlamaq niyyətində deyil”, - Zaxarova bildirib. Onun sözlərinə görə, Ermənistan nizamnamədəki prosedurlardan istifadə edib, öhdəliklərini həll etdikdən sonra təşkilatdan çıxa bilər.

Rusiya diplomatı Cənubi Qafqazda “başqa təhlükəsizlik arxitekturası perspektivinin görünmədiyini” də deyib. O, regiona öz hərbi standartları ilə girməyə çalışan Qərb ölkələrinin və bloklarının sabitliyi təmin edə bilməyəcəyini və bunu təmin etmək niyyətində olmadığını iddia edib.

Bu sözlər Ermənistanın Baş naziri Nikol Paşinyanın eyni gün “KTMT ilə bağlı maraqlarımız tükənib” deməsindən sonra səslənib. Təşkilatın Baş katibi Taalaibek Masadıkov isə bir gün əvvəl Rusiyanın Ermənistanın səsvermə hüququnun dayandırılması üçün qərar layihəsi hazırladığını bildirmişdi.

Digər xəbərlər