“Sərhədsiz Reportyorlar”: Həbsdəki Ülvi Həsənlinin cərimə kamerasına salınması onun səhhətini təhlükəyə atır
Arxiv foto: Ismayil Taghiyev, CC BY-SA 4.0, Wikimedia CommonsMedia azadlığı təşkilatı “Sərhədsiz Reportyorlar” (RSF) “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin noyabrın 2-də 10 saylı Cəzaçəkmə Müəssisəsində yenidən cərimə kamerasına salınmasını pisləyib. Təşkilatın bəyanatında jurnalistin ürəyində problemlər olduğu və ona qarşı təzyiqlərin səhhətini təhlükə altına atdığı deyilir.
RSF-in sözlərinə görə, bundan əvvəl həbsxana rəhbərliyi Ülvi Həsənlini işlədiyi mediada dərc olunan yazılara cavab olaraq dəfələrlə hədələyib. “RSF onun səhhətini təhlükə altına atan bu ciddi hədə-qorxu hallarını pisləyir”, - bəyanatda deyilir.
Ülvi Həsənli təzyiqləri “Abzas Media”da 10 saylı müəssisədəki qanunsuzluq iddiaları barədə çıxan yazılarla əlaqələndirir. Onun həyat yoldaşı Rübabə Quliyeva deyir ki, müəssisə rəhbərliyi həmin yazıların silinməsinə nail olmaq üçün digər məhbusları da Həsənliyə qarşı qızışdırır, rəisin müavini Kamran Şahsuvarov isə onu dəfələrlə hədələyib. Quliyevanın sözlərinə görə, jurnalistə uşağı ilə normal görüş və görüntülü zəng imkanı da verilmir.
Quliyeva bu barədə Ombudsman Aparatına və Penitensiar Xidmətin qaynar xəttinə şikayət etdiyini, ona şikayətin araşdırılacağının deyildiyini bildirib. Jurnalistin cərimə kamerasında iki gün aclıq etdiyi də deyilir.
Ülvi Həsənli 2023-cü ilin noyabrında saxlanılıb və “Abzas Media işi” üzrə qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamı ilə 9 il həbs cəzası alıb. O və işin digər məhkumları ittihamları qəbul etmir, həbslərini jurnalist fəaliyyəti ilə bağlayırlar.
