Son dəqiqə:

Siyasi şərhçi: ABŞ-də demokratların qələbəsindən sonra Azərbaycanda repressiyalar səngiyə bilər

Foto: Jindřich Nosek (NoJin), CC BY 4.0, Wikimedia Commons
06-11-2026 21:21

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratların Konqresdə mövqelərini gücləndirməsi Azərbaycan hakimiyyəti üçün çətin dövrün başlanğıcı ola bilər. Siyasi şərhçi Elman Fəttah belə hesab edir.

Fəttah BBC Azərbaycanca xidmətinə müsahibəsində deyib: “Bu kontekstdə İlham Əliyev üçün də, Azərbaycan avtoritarizmi üçün də çətin dövrün başladığını biz deyə bilərik”. Onun proqnozuna görə, Azərbaycanda 2023-cü ilin noyabrında başlayan “böyük repressiya dalğası” səngimə mərhələsinə keçəcək, növbəti iki ildə isə “müəyyən yumşalma prosesləri” başlayacaq.

Şərhçinin fikrincə, Konqres komitələrinə Demokratların rəhbərlik etməsi avtoritar ölkələrlə bağlı dinləmələri və siyasi təzyiqi artıra bilər. O, Azərbaycana dair dinləmələrin, qətnamə və çağırışların gözləndiyini, əsas mövzuların insan haqları, media azadlığı və siyasi sistem olacağını deyib. Bununla belə, Fəttah iki il ərzində sərt nəticələr gözləmir: onun sözlərinə görə, Ağ Evdə Donald Trampın administrasiyasının qalması Konqresin təşəbbüslərinin bir hissəsini məhdudlaşdıra bilər.

Fəttah Azərbaycana ABŞ dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tam ləğvini artıq real saymır: “[907-ci düzəlişin] ləğvi artıq mümkün deyil. Bu xəyalı dəfn eləmək lazımdır”. Onun sözlərinə görə, bu məsələdə qərarı Konqres verir, oradakı yeni siyasi tərkib isə Bakının mövqeyinə uyğun deyil.

Şərhçi sülh danışıqlarına da toxunub. Onun fikrincə, Vaşinqtondakı dəyişiklik son aylarda danışıqlarda üstün mövqedə görünən Azərbaycan qarşısında Ermənistanın manevr imkanlarını genişləndirə bilər: “Mənim proqnozuma görə Paşinyanın imkanları genişlənəcək”. Fəttah hesab edir ki, tərəflər arasında güc fərqinin azalması sülh prosesinə zərər yox, fayda verə, kompromis imkanlarını artıra bilər.

Fəttahın sözlərinə görə, ABŞ ilə bugünkü yaxınlaşmanın uzunmüddətli strateji tərəfdaşlığa çevrilməsi təkcə Vaşinqtondan deyil, Azərbaycanın öz daxili siyasətindən də asılıdır: demokratik islahatlar olmadan bu, çətin olacaq.

Digər xəbərlər