Xətai rayonunda sakinlər: Kanalizasiya suları 20 gündür küçəni basıb, yüz yaşlı bina uça bilər
Bakının Xətai rayonundakı NZS qəsəbəsində, Abbas Səhhət küçəsində kanalizasiya suları küçəni basıb. Sakinlər deyir ki, su 20 gündür çəkilmir, əksinə, yavaş-yavaş artır və evləri təhdid edir. Onların sözlərinə görə, bu, bu il ikinci haldır: martda güclü yağışlardan sonra da küçə su altında qalıb.
“Haqqın” saytının reportajında deyilir ki, küçədə onlarla fərdi ev və 18 ailənin yaşadığı yüz yaşlı ikimərtəbəli bina var. Sakinlər evlərinə kərpic və daşdan düzəltdikləri keçidlərlə gedir, rezin çəkmə geyinir, iy ucbatından qapı-pəncərə bağlı olanda belə evdə maskasız oturmaq mümkün olmur.
Sakinlərin sözlərinə görə, martdakı subasmadan sonra binanın ikinci mərtəbəsində tavan uçub, çatları öz hesablarına suvayıblar, binanın bünövrəsi isə su altındadır. Həmin subasmadan sonra məhəllədəki uşaq bağçası da bağlanıb. Astmadan əziyyət çəkən 80 yaşlı Rafiqə Məhərrəmova deyib ki, martda evindəki texnika və mebel yararsız hala düşüb, ziyan nə ödənilib, nə də qiymətləndirilib.
Sakinlər deyir ki, 15-20 gündür Xətai Rayon İcra Hakimiyyəti, rayon su təsərrüfatı idarəsi və Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti arasında göndərilirlər. Qəza briqadası bir neçə dəfə gəlib, amma xətlərin köhnə olduğunu və yad əşyalarla tıxandığını deyib gedib. Sakinlərdən biri küçənin görüntülərini TikTok-da paylaşdığını, rayon su təsərrüfatı idarəsinin isə videoları silməyi tələb etdiyini deyib.
Saytın müraciətindən sonra yerə yenidən qəza briqadası göndərilib, lakin sakinlərə xətlər dəyişdirilməyincə hər işin faydasız olduğu deyilib. Yaxın günlərdə yağış gözlənilir, sakinlər azacıq yağışın da evləri su altında qoyacağından qorxur.
