Sərhəd Xidmətinin əsgəri uzun sürən xəstəlikdən sonra vəfat edib

Foto: Interfase, CC BY-SA 4.0, Wikimedia Commons
24-11-2026 13:23

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Rauf oğlu Kərimov vəfat edib. DSX-nin Mətbuat Mərkəzi noyabrın 24-də yayılan açıqlamada bildirib ki, əsgər uzun sürən ağır xəstəlik səbəbindən Mərkəzi Klinik Xəstəxanada müalicə alırdı, lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Açıqlamada əsgərin yaşı, hansı xəstəlikdən əziyyət çəkdiyi və nə qədər müddət müalicə aldığı göstərilməyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə görə, bu il yanvarın 1-dən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb. Onlardan 13-ü xəstəlikdən, 9-u avtomobil qəzasında, 7-si bədbəxt hadisədə, 5-i intihar, 1-i isə ehtiyatsızlıq nəticəsində həyatını itirib; daha 9 nəfərin ölüm səbəbi açıqlanmayıb.

Oktyabrın 4-dən sonra DSX əsgəri Orxan Şabanovun, Naxçıvanda xidmət keçən Elnar Tağıyevin, mayor Müşfiq Əliyevin və indi də Rəhman Kərimovun ölümü barədə məlumat yayılıb. “Meydan TV” hesablayır ki, bununla 2026-cı ildə qeyri-döyüş şəraitində ölən hərbçilərin açıq mənbələrdən məlum minimum sayı 48-ə çatır.

Oktyabr və noyabr aylarını tam əhatə edən yenilənmiş statistika hələ açıqlanmayıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutu ötən il azı 43 hərbçinin qeyri-döyüş şəraitində öldüyünü qeydə almışdı.

Digər xəbərlər