Milli Məclis dövlət ehtiyacları üçün torpaq alınmasının əsaslarını genişləndirir

Foto: Prezidentin Mətbuat Xidməti, CC BY 4.0, Wikimedia Commons
24-11-2026 12:55

Milli Məclis Mülki Məcəlləyə və “Dövlət ehtiyacları üçün torpaqların alınması haqqında” qanuna dəyişiklikləri ikinci oxunuşda qəbul edib. Layihə tikintisi və genişləndirilməsi üçün torpaq sahələrinin dövlət ehtiyacları adı ilə alına biləcəyi infrastruktur obyektlərinin siyahısını genişləndirir.

Dəyişikliyə görə, bu siyahıya indiyədək olan yollar və kommunikasiya xətləri ilə yanaşı, metro tunelləri də daxil olmaqla tunellər, magistral neft və qaz kəmərləri, yüksəkgərginlikli elektrik xətləri, kanalizasiya və digər hidrotexniki qurğular, dəmir yolu, metro və tramvay xətləri əlavə olunur.

Bundan başqa, dəniz və hava limanlarının, aeroportların və aerodromların, dəmir yolu və metro stansiyalarının, tramvay dayanacaqlarının və depoların tikintisi və genişləndirilməsi də torpağın alınmasına əsas olacaq.

Layihəni təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, mülkiyyət hüququ Konstitusiya ilə qorunur və əmlakın dövlət ehtiyacları üçün alınması ədalətli kompensasiya ödənilməklə aparılmalıdır. Onun sözlərinə görə, belə ehtiyacların siyahısı konkret olmalı və birbaşa qanunda göstərilməlidir ki, qeyri-müəyyənlik və məhkəmə mübahisələri yaranmasın.

Müzakirədə deputat Siyavuş Novruzov bələdiyyə mülkiyyətində olan torpaqlar alınanda əmlakın qiymətləndirilməsi və kompensasiya qaydalarının dəqiq müəyyən edilməsini istəyib. Deputat Aydın Hüseynov isə Bakı və ətraf qəsəbələr üçün təkcə nəqliyyat deyil, sosial infrastrukturu da əhatə edən baş plan hazırlanmasını təklif edib.

Bakıda torpaq və evlərin dövlət ehtiyacları adı ilə alınması əvvəllər də mübahisə doğurub. “Human Rights Watch” insan haqları təşkilatı 2012-ci ildə paytaxtda sakinlərin evlərinin bazar qiymətindən aşağı kompensasiya ilə, bəzən də məcburi şəkildə söküldüyünü yazmışdı. Layihənin qüvvəyə minməsi üçün üçüncü oxunuşdan keçməsi və prezident tərəfindən imzalanması lazımdır.

Digər xəbərlər