Məhkəmə əmri üçün dövlət rüsumu 100 manatdan 25 manata endirilir

Foto: Douglas Palmer from Bulverde, Texas, USA, CC BY 2.0, Wikimedia Commons
24-11-2026 17:17

Milli Məclisin müzakirəsinə verilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində məhkəmə əmri haqqında ərizəyə görə tutulan rüsumun 100 manatdan 25 manata, yəni dörd dəfə endirilməsi təklif olunur.

Məhkəmə əmri borcun ödənilməsi və ya əmlakın qaytarılması kimi aşkar və mübahisəsiz tələblər üçün verilir. Mülki Prosessual Məcəlləyə görə, məhkəmə belə əmri tərəfləri çağırmadan və iclas keçirmədən, ərizə daxil olandan üç gün ərzində çıxarır və əmr özü icra sənədi sayılır.

Hazırkı rüsum bu yolu kiçik məbləğli tələblər üçün mənasız edirdi: məsələn, 2000 manatlıq adi iddia ərizəsi üçün 40 manat, 1000 manatadək iddia üçün isə 30 manat ödənilir, məhkəmə əmri üçün isə 100 manat tələb olunur. Buna görə də insanlar kiçik borclarla bağlı daha uzun iddia prosesinə üstünlük verirdilər.

Layihədə həmçinin dəyəri qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri üçün dövlət rüsumunun bütün iddia məbləğindən yox, yalnız şikayətdə mübahisə edilən hissədən hesablanması nəzərdə tutulur.

Digər xəbərlər