Tbilisidə yaşayış binasındakı partlayışda ölənlərin sayı yeddiyə çatıb, ailə rəsmi versiyanı rədd edir
Tbilisinin Ponıçala qəsəbəsində beşmərtəbəli yaşayış binasında noyabrın 19-da baş verən partlayışda ölənlərin sayı yeddiyə çatıb.
Gürcüstanın “Formula TV” telekanalı ailəsinə istinadən xəbər verir ki, partlayış baş verən mənzilin sakini, 31 yaşlı İlia İsayevi xəstəxanada ölüb. Həkimlərin sözlərinə görə, onun bədəninin 87 faizi yanmışdı.
Daxili işlər naziri Sulxan Tamazaşvilinin də daxil olduğu ilkin açıqlamalarda partlayışın səbəbi qaz qızdırıcısı göstərilmişdi. İsayevinin ailəsi isə mənzildə qaz qızdırıcısı olmadığını deyir.
Partlayışdan bir neçə saat sonra dağıntılar altından altı nəfərin cəsədi çıxarılmışdı; ölənlər arasında 7 və 6 yaşlı iki qız uşağı da var. Partlayışdan təxminən səkkiz saat sonra xilas edilən, anasını və bacısını itirən üç yaşlı qız isə xəstəxanadan evə buraxılıb.
Gürcüstanda noyabrın 22-si matəm günü elan olunub. Hakimiyyət hadisənin araşdırıldığını bildirir.


