İranda hicabsız konsert verən müğənniyə və qrup üzvlərinə 74 şallaq vurulub
İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi hicabsız konsert verdiyinə görə 74 şallaq zərbəsi cəzası alıb. Eyni cəza onun qrupunun üç üzvünə və konsertin təşkilatçısına da tətbiq edilib.
BBC xəbər verir ki, hökm Qum şəhərində icra olunub. Onların hər biri “ictimai əxlaqı təhqir etmək” ittihamı ilə cəzalandırılıb. Məhkəmə həmçinin onlara iki il bədii fəaliyyətlə məşğul olmağı və ölkəni tərk etməyi qadağan edib.
İşin səbəbi Əhmədinin 2024-cü ilin dekabrında Qum yaxınlığındakı Deyr-Qaçin karvansarasında çəkdiyi konsertdir. İnternetdə yayımlanan videoda müğənni hicabsız və qolsuz geyimdə oxuyub. 2026-cı ilin iyununda məhkəmə Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz materiallar yaymaqla ictimai əxlaqı təhqir etməkdə” təqsirli bilib; onlar ittihamı qəbul etməyib. Sentyabrın sonunda apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.
İranda 1979-cu il inqilabından sonra qadınların ictimai yerlərdə hicab taxması məcburidir. 2022-ci ilin sentyabrında hicab qaydasını pozduğu iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin həbsdə ölümündən sonra ölkədə “Qadın, həyat, azadlıq” şüarı ilə etirazlar başlayıb və təhlükəsizlik qüvvələri onları sərt yatırıb.
Bu gün də məcburi hicaba qarşı çıxan qadınlar İranda izləmə, həbs və məhkəmə cəzaları ilə üzləşir.
