Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib

Foto: Svenkaj, CC BY-SA 4.0, Wikimedia Commons
25-11-2026 10:56

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 47 fərmanı ləğv edən qərar imzalayıb. Qərarla bəzi fərmanlara isə dəyişiklik edilib.

Ləğv olunan sənədlər arasında muxtar respublikanın fəxri adları, Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsi və strukturu, İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman), Televiziya və Radio Şurasının yaradılması, Naxçıvan Beynəlxalq Hava Limanı, Satınalmalar üzrə Dövlət Agentliyi və Dini Qurumlarla İş üzrə İdarə haqqında fərmanlar var.

Siyahıda həmçinin Vergilər, İqtisadi İnkişaf, Rabitə, Nəqliyyat, Mədəniyyət və Turizm nazirliklərinin əsasnamələri, Ali Məclis sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Sahibkarlığa Kömək Fondu ilə bağlı sənədlər yer alıb.

Eyni gün Musayev Naxçıvan Qaz İstismar Xidmətini də ləğv edib. Bunun üçün Talıbovun 2019-cu ilin noyabrında xidmətin yaradılması və fəaliyyəti barədə imzaladığı sərəncam və fərman qüvvədən salınıb.

Vasif Talıbov 1995-ci ildən muxtar respublikaya rəhbərlik edib və 2022-ci ilin dekabrında istefa verib. Ondan sonra Naxçıvanda onun dövründə yaradılmış bir sıra qurum ləğv edilib və ya mərkəzi qurumlara birləşdirilib.

Digər xəbərlər