Fransız Martin Ryanla birgə həbs edilən Azad Məmmədli Ali Məhkəməyə şikayətini geri götürüb

Foto: Uhooep, CC BY-SA 4.0, Wikimedia Commons
25-11-2026 11:15

Fransa vətəndaşı Martin Ryanla eyni işdə dövlətə xəyanətdə ittiham olunan Azad Məmmədli 12 il həbs cəzası barədə hökmdən Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb.

Prosesi izləyən APA agentliyi yazır ki, noyabrın 25-də hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda Məmmədlinin şikayəti geri götürmək barədə məhkəməyə ərizə ilə müraciət etdiyi məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Azad Məmmədlini Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 12 il azadlıqdan məhrum edib, Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. İttiham tərəfi iddia edir ki, Ryan Məmmədlini Bakıda Fransa xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb və ona görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.

“Merkorama” şirkətinin baş direktoru Martin Ryan casusluqda ittiham olunurdu. İstintaqa görə, o, Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) tapşırığı ilə Azərbaycanda istehsal olunan silah-sursat, ordunun komplektləşdirilməsi və hərbi əməkdaşlıq planları barədə məlumat toplamağa çalışıb.

Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də saxlanılıb. Prezident İlham Əliyev bu il sentyabrın 23-də imzaladığı əfv sərəncamı ilə Martin Ryanı azad edib; Azad Məmmədli isə həbsdə qalır.

Digər xəbərlər