Gürcüstan prezidenti 232 nəfəri əfv edib, aralarında Avropayönlü aksiyaların həbsdəki iştirakçıları da var

Foto: Giorgi Abdaladze, CC BY 4.0, Wikimedia Commons
23-11-2026 13:05

Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü (Giorgoba) münasibətilə 232 nəfəri əfv edib. Onlardan 216-sı həbsdən azad olunub, 16 nəfərin isə həbslə bağlı olmayan cəzaları ləğv edilib.

Əfv olunanlar arasında 2024-cü ilin noyabr-dekabr aylarında Avropayönlü etiraz aksiyaları zamanı həbs edilən Giorgi Mindadze, Anri Kvaratsxeliya, Nikoloz Cavaxişvili, Davit Lomidze və Temur Zasoxaşvili var. Onlar polisə hücum və qrup zorakılığında iştirak ittihamları ilə 2 ildən 5 ilədək həbs cəzası almışdılar, ittihamları isə qəbul etmirdilər.

Əfv siyahısında 2024-cü ilin mayında “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı aksiyalar zamanı saxlanılan “Limon” reklam şirkətinin təsisçisi Giorgi Okmelaşvili də var. O, polis əməkdaşına hücumda təqsirli bilinərək 5 il həbs cəzası almışdı; Ali Məhkəmə 2025-ci ilin noyabrında onun kassasiya şikayətini təmin etməmişdi.

Prezident administrasiyası qərarın humanizm və dövlət maraqları prinsiplərinə əsaslandığını bildirib. Gürcüstanda etirazlar 2024-cü ilin noyabrında hökumətin Avropa İttifaqına üzvlük danışıqlarını 2028-ci ilədək təxirə saldığını açıqlamasından sonra başlamışdı.

Digər xəbərlər