Hərbçilər də daxil 15 nəfərin yanacaq mənimsəməkdə ittiham olunduğu deyilir

Foto: Shixart1985, CC BY 2.0, Wikimedia Commons
25-11-2026 11:01

Azərbaycanda aralarında hərbçilərin də olduğu 15 nəfərə yanacaq mənimsəmək ittihamı irəli sürüldüyü bildirilir.

“Qafqazinfo” saytı əldə etdiyi məlumata istinadən yazır ki, təqsirləndirilənlərdən 4 nəfər həbs edilib, 11 nəfər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Sayta görə, işdə bir neçə kapitan və mayor rütbəli hərbçi, həmçinin yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləri təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Bu maddə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur.

Cinayət Məcəlləsinə görə, mənimsənilən əmlakın dəyəri 500 min manatı keçəndə xüsusilə külli miqdar sayılır. Məhkəmə hökmü olmadığı üçün ittiham hələ sübut olunmuş hesab edilmir.

Digər xəbərlər