Son dəqiqə:

Fransada ümummilli tətil başlayıb, Lionda polisin etirazçılara qarşı gözyaşardıcı qaz işlətdiyi bildirilir

Arxiv foto, Paris, 2020: Paule Bodilis, CC BY 2.0, Wikimedia Commons
05-11-2026 17:04

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə noyabrın 5-də ümummilli tətil və etiraz aksiyaları keçirilir. Tətilçilər minimum əmək haqqının və maaşların artırılmasını, vergi islahatını, məktəblərdə şəraitin yaxşılaşdırılmasını tələb edirlər.

Təşkilatçılar 260 şəhər və qəsəbədə aksiya gözlədiklərini deyirlər. Təhsil Nazirliyinin proqnozuna görə, müəllimlərin 16 faizi tətilə qoşulur. Mediada hakimiyyətin regionlarda 700 minədək, Parisdə isə 80 minədək iştirakçı gözlədiyi deyilir. Daxili işlər naziri Loran Nünyes 70 min polisin cəlb olunacağını bildirib. Eyfel qülləsi tətilə görə bağlıdır.

"Reuters" agentliyi yazır ki, polis Lionda nümayişçilərə qarşı gözyaşardıcı qaz işlədib. "Actu" portalı xəbər verir ki, orada dəyənəklər də işə salınıb, xəsarət alanlar var. Etirazlar sentyabrda yuxarı sinif şagirdlərinin aksiyaları ilə başlayıb, sonra artan yaşayış xərclərinə qarşı ümumi hərəkata çevrilib. Polisin zor tətbiq etdiyi barədə əvvəlki iddialara görə də hökumət tənqid olunur.

"Reuters"un məlumatına görə, G7 xarici işlər nazirlərinin görüşü son anda Marseldən Parisə keçirilib. Prezident Emmanuel Makron isə aksiyalardan bir gün əvvəl asayişi təmin etmək üçün müdafiə və təhlükəsizlik iclası çağırıb.

Hökumət parlamentdə də çətin vəziyyətdədir. Milli Assambleyada büdcənin gəlirlər hissəsinin əleyhinə 458 deputat səs verib, lehinə səs olmayıb. Bununla xərclər hissəsinin müzakirəsi də dayanıb, sənəd ilkin variantda Senata gedir. Dövlət hesabları üzrə nazir David Amiel deyib ki, deputatların düzəlişləri büdcə kəsirini ÜDM-in 5 faizindən 5,9 faizinə qaldıra bilərdi. Solçu deputatların bir qismi bu hesablama ilə razı deyil.

Baş nazir Sebastyen Lekornü razılıq olmasa, büdcəni Konstitusiyanın 49.3-cü maddəsi ilə səsverməsiz keçirə bilər. Prezident seçkisi gələn ilin aprelində keçiriləcək, Makron yenidən namizəd ola bilməz, sorğularda isə ifrat sağçı Marin Le Pen önə çıxır.

Digər xəbərlər