Son dəqiqə:

Türkiyə Müdafiə Nazirliyi: Sərhəddə əsgərin ölümünə səbəb olan atəşin İrandan açıldığı ehtimal edilir

Arxiv foto: Türkiyə-İran sərhədi. VOA, Public domain, Wikimedia Commons
05-11-2026 17:17

Türkiyənin Milli Müdafiə Nazirliyi oktyabrın 31-də İran sərhədində müqaviləli əsgər Yusuf Sait Ünlünün ölümü ilə nəticələnən atəşin İran tərəfdən açıldığını ehtimal etdiyini bildirib.

Nazirliyin açıqlamasına görə, əsgər Hakkari vilayətinin Yüksəkova rayonunda qanunsuz sərhəd keçidinin qarşısını alarkən atəş açılıb. O, yaralı halda helikopterlə Hakkari Dövlət Xəstəxanasına aparılıb, amma xilas edilə bilməyib. Nazirlik hadisənin ilk günü atəşi kimin açdığı barədə danışmamışdı.

Türkiyə tərəfi hadisənin təfərrüatlarını araşdırdığını deyir. Nazirlik İranın da hüquqi və inzibati araşdırma apardığını bildirib.

Bu il İrana qarşı ABŞ-İsrail müharibəsi başlayandan sonra Türkiyə-İran sərhədi gündəmdə olub. Martda nazirlik İrandan atılan ballistik raketin NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən Türkiyə hava məkanında vurulduğunu açıqlamışdı.

Digər xəbərlər