Avropada bir gündə azı 18 sərnişin təyyarəsinə bomba təhdidi edilib, bu həftə ikinci belə dalğadır
Noyabrın 5-də Avropada beynəlxalq reyslə uçan ən azı 18 sərnişin təyyarəsinə bomba təhdidi edilib, bəziləri başqa aeroportlara yönəldilib. Bu say "The Guardian" qəzetinin hesablamasıdır. Bir neçə gün əvvəl də oxşar yalan təhdidlər axtarışlara və reyslərin dəyişdirilməsinə səbəb olmuşdu.
Təhdid edilən reyslər arasında "Aer Lingus"un Dublin-Roma, "Ryanair"in Sofiyaya gedən, "LOT"un Varşava-Brüssel, "Wizz Air"in Milan-Varşava və "Finnair"in Helsinkidən Roma və Vyanaya uçuşları var. Dublin-Roma təyyarəsi Fransanın Evre şəhərinə, "Ryanair" reyslərindən biri Bolqarıstanın Plovdiv şəhərinə, "Wizz Air" reysi isə Vyanaya enib.
"Finnair"in nümayəndəsi Stiina Tuunanen deyib ki, Romaya uçan təyyarə İtaliya qırıcılarının müşayiəti ilə cədvəl üzrə enib, yoxlamadan sonra təhdidin əsassız olduğu müəyyənləşib. Təyyarədə 144 sərnişin və 7 ekipaj üzvü olub.
İtaliya mediasının yazdığına görə, İtaliya aeroportları ilə bağlı təhdidlər səhər tezdən italyan dilində elektron məktubla gəlib. Müəlliflər özlərini "kişi dövləti" uğrunda döyüşçü kimi təqdim edib, İtaliyanın "feminist hökuməti"nin bunu unutmayacağını yazıblar.
"The Guardian"ın danışdığı aviasiya ekspertləri bunun əlaqələndirilmiş aksiya ola biləcəyini deyirlər. Aİ-nin nəqliyyat komissarı Apostolos Tsitsikostas isə hadisələr arasında əlaqə barədə danışmaq üçün hələ tez olduğunu bildirib.