Müsavat Partiyasının başqanı İsa Qəmbər Berlinə uçmaq istəyərkən hava limanından geri qaytarıldığını deyir
Foto: Voice of America, Public domain, Wikimedia CommonsMüsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycandan çıxmasına icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, noyabrın 21-nə keçən gecə saat 4-də Bakı-İstanbul-Berlin reysi ilə Almaniyaya uçmalı idi, lakin hava limanında uçuşuna mane olublar.
“Bu gün - 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Hava limanında uçuşuma mane oldular. Heç bir izahat vermədilər”, - İsa Qəmbər sosial şəbəkədəki paylaşımında yazıb. Siyasətçi paylaşıma aviabiletlərinin görüntüsünü də əlavə edib; biletlərə görə, o, noyabrın 23-də Bakıya qayıtmalı idi.
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli “Kavkazski Uzel” nəşrinə deyib ki, qadağanın heç bir hüquqi əsası yoxdur və İsa Qəmbər heç bir cinayət işində, hətta şahid qismində də keçmir. “Görünür, hakimiyyət müxalifətçilərin və digər “arzuolunmaz” şəxslərin siyahısını hazırlayıb və onların ölkədən çıxışına kütləvi şəkildə məhdudiyyətlər tətbiq edir”, - Hacıbəyli bildirib.
Qadağanın hansı əsasla qoyulduğu məlum deyil. Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti məsələyə hələlik münasibət bildirməyib.
İsa Qəmbər son aylarda ölkədən çıxışı məhdudlaşdırılan yeganə müxalif siyasətçi deyil. Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı 2026-cı il iyunun 23-də Avstriyaya getmək istəyərkən hava limanından geri qaytarılıb, Milli Şuranın sədri Cəmil Həsənli isə 2025-ci ilin noyabrında ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.
Həbsdəki politoloq Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı, “Meydan TV”nin həbsdəki jurnalisti Aytac Tapdığın anası Dilrubə Amanova və həmkarlar ittifaqı fəalı Sara Rəhimova da oxşar məhdudiyyətlə üzləşdiklərini deyiblər.


