ABŞ Konqresinin üzvü və beynəlxalq təşkilatlar həbsdəki jurnalist Fərid Mehralızadəyə azadlıq tələb edib

Foto: Parvana Bayramova, Public domain, Wikimedia Commons
23-11-2026 09:21

Azadlıq Radiosunun həbsdə olan əməkdaşı, iqtisadçı Fərid Mehralızadənin noyabrın 22-də 32 yaşı tamam olub. Həmin gün bir neçə beynəlxalq insan haqları və media təşkilatı, eləcə də ABŞ Konqresinin üzvü onun azad edilməsini tələb edib.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya bölməsi X platformasında yazıb ki, Mehralızadə doğum gününü həyat yoldaşı və azyaşlı qızı ilə keçirmək əvəzinə jurnalist fəaliyyətinə görə cəzalandırılır. “Human Rights Watch” insan haqları təşkilatı və ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası da eyni çağırışı edib.

“Amnesty International USA” təşkilatı isə Mehralızadə ilə yanaşı, “saxta, siyasi motivli ittihamlarla” Azərbaycanda saxlanılan və ya məhkum edilən bütün hüquq müdafiəçilərinin, fəalların, jurnalistlərin və hökumət tənqidçilərinin azad edilməsini istəyib.

ABŞ Konqresinin Azərbaycan üzrə qrupunun həmsədri, respublikaçı Robert Aderholt yazıb: “Fəridin iki il əvvəl tutulması açıq-aşkar siyasi motivli idi və ABŞ-Azərbaycan münasibətlərinin daha məhsuldar inkişafına zərbə vurur. O, azadlığa buraxılmalıdır”. Sentyabrda üç ABŞ senatoru da Tramp administrasiyasını siyasi məhbusların azadlığını Strateji Tərəfdaşlığın şərti kimi irəli sürməyə çağırmışdı.

Mehralızadə 2024-cü il mayın 30-da “Abzas Media” işi çərçivəsində saxlanılıb, ona qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vergidən yayınma ittihamları irəli sürülüb. Məhkəmə onu 9 il həbs cəzasına məhkum edib. Jurnalist və vəkilləri ittihamları rədd edir.

Azərbaycan hökuməti ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini bildirir. Yerli hüquq müdafiəçilərinin siyahısına görə, hazırda ölkədə 328 siyasi məhbus var.

Digər xəbərlər