AXCP: Həbsdəki Əli Kərimli altı aylıq qadağadan sonra ailəsi ilə telefonla danışıb

Arxiv foto: VOA, Public domain, Wikimedia Commons
23-11-2026 12:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli noyabrın 23-də, təxminən altı aylıq fasilədən sonra ailəsinə zəng edə bilib. Bu barədə partiya nümayəndələri sosial şəbəkələrdə məlumat yayıb.

AXCP Kərimliyə yaxınları ilə görüş hüququnun da bərpa olunmasını, onun barəsindəki cinayət işinə isə xitam verilməsini tələb edir. Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi bu ilin iyun ayının ortalarından etibarən partiya sədrinə istintaq təcridxanasında təzyiq göstərildiyini, ailəsi ilə telefon danışığı və görüşün qadağan edildiyini, idmana aparılmadığını və gəzinti vaxtının yarıya endirildiyini bildirmişdi. Komitənin iddiasına görə, avqustda məhkəməyə aparılarkən xüsusi nəqliyyat vasitəsində ona su verilmədiyi üçün Kərimli huşunu itirib. Rəsmi qurumlar bu iddialara münasibət bildirməyib.

Hökumətyönlü “Qafqazinfo” saytı isə yazır ki, Əli Kərimli və partiya sədrinin müavini Məmməd İbrahimin məhkəməsində son şahidlər kimi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, onun oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni dindiriləcək. Sayta görə, onlar rəsmi bildirişlə məhkəməyə çağırılıb. Proses qapalı keçirilir.

Kərimli və İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb; bu maddə 12 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası nəzərdə tutur. Dövlət Təhlükəsizliyi Xidməti onların Ramiz Mehdiyev, axtarışda olan keçmiş baş nazir müavini Abbas Abbasov və digər şəxslərlə birlikdə xarici xüsusi xidmətlərin dəstəyi ilə hakimiyyəti zorla ələ keçirməyə çalışdığını iddia edir.

Əli Kərimli ittihamı rədd edir, siyasi sifarişlə həbs olunduğunu və istintaqa ifadə vermədiyini bildirib. AXCP də ittihamları siyasi motivli və əsassız sayır. Kərimli və İbrahim ötən ilin noyabr ayının sonunda həbs olunublar. Ramiz Mehdiyev isə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması ittihamları ilə 14 il həbs cəzası alıb; yaşı və səhhəti nəzərə alınaraq cəza şərti hesab edilib. Mehdiyevin hökmdən apellyasiya şikayəti verdiyi deyilir.

Digər xəbərlər