Ermənistanın yeni Konstitusiya layihəsi: seçicilərə yaşayış şərti, vətəndaşlıqdan məhrumetmə və partiyaların qadağası
Foto: Սէրուժ Ուրիշեան (Serouj Ourishian), CC BY-SA 3.0, Wikimedia CommonsErmənistanın noyabrın 23-də dərc olunan yeni Konstitusiya layihəsi seçki hüququna, vətəndaşlığa və siyasi partiyaların fəaliyyətinə dair ciddi dəyişikliklər nəzərdə tutur. Baş nazir Nikol Paşinyan layihəni xüsusi saytda yerləşdirib və xalqa müraciət edib.
Layihəyə görə, parlament seçkilərində və referendumlarda yalnız 18 yaşına çatmış və səsvermədən əvvəlki iki ildə ən azı bir il Ermənistanda daimi yaşamış vətəndaşlar iştirak edə biləcək. Yerli seçkilərdə eyni şərt əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunacaq.
Hazırkı Konstitusiya vətəndaşlıqdan məhrumetməni qadağan edir; yeni layihə isə konstitusiya quruluşunun əsaslarına və ya dövlət təhlükəsizliyinə qarşı cinayət törədənlərin məhkəmə qərarı ilə vətəndaşlıqdan məhrum edilməsinə imkan yaradır. Partiyalar yalnız vətəndaşların ianələri və qanunla nəzərdə tutulan dövlət vəsaiti hesabına maliyyələşə biləcək. Konstitusiya Məhkəməsi xaricdən maliyyələşən və ya dövlət müstəqilliyindən imtinanı təbliğ edən partiyaların fəaliyyətini qadağan edə biləcək.
Layihə prezidentliyə namizədlər üçün yaş həddini 40-dan 35-ə endirir, dövlət başçısının səlahiyyətlərini genişləndirir. Parlament ayrı-ayrı nazirlərə etimadsızlıq göstərə və deputatların beşdə üç səsi ilə özünü buraxa biləcək. Parlament çoxluğunun rəhbəri layihə ətrafında müzakirələrin 2027-ci ilin yazına qədər davam edəcəyini bildirib.
Layihədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Bəyannamədə Dağlıq Qarabağın Ermənistanla birləşməsi barədə qərara istinad edilir və Azərbaycan hökuməti bu istinadın çıxarılmasını sülh sazişinin imzalanması üçün şərt kimi irəli sürür. Paşinyan yeni Konstitusiya qəbul olunandan sonra Azərbaycanla sülh sazişinin imzalanıb ratifikasiya ediləcəyini deyib; referendumda xalq layihəyə qarşı səs verərsə, istefa verəcəyini təkrarlayıb.


