İran tankerlərini ABŞ blokadasından keçirməyə hazırlaşdığını işarə edir, hücum olarsa Körfəz neftini hədəf alacağını deyir

Foto: Reza Hatami, CC BY 4.0, Wikimedia Commons
20-11-2026 18:13

İranda rəsmilər, deputatlar və cümə imamları ölkənin neft tankerlərini ABŞ-nin dəniz blokadasından keçirməyə hazırlaşdığını işarə edirlər. Xarici işlər naziri Abbas Əraqçi cümə günü ILNA agentliyinə “blokada qırılmalıdır” deyib və İranın həm neft ixracı, həm də danışıqlar üçün səy göstərəcəyini bildirib.

Hələlik heç bir İran rəsmisi tanker karvanının yola düşəcəyini rəsmən təsdiqləməyib. Kampaniya çərşənbə günü İnqilab Keşikçiləri Korpusuna yaxın “Fars” agentliyinin şərhi ilə başlayıb. “Fars” Tehranı karvanı rəsmən elan etməyə və hücum olacağı təqdirdə regionun enerji infrastrukturunu, xüsusən BƏƏ neftini vurmaqla hədələməyə çağırıb.

Neft daşımalarını izləyən TankerTrackers şirkəti İranın “yenidən neft göndərməyə hazırlaşdığını” bildirib. Şirkətin həmtəsisçisi Samir Madani “Reuters”ə deyib ki, Körfəzdə bir tanker başqa gəmidən İran nefti götürür. Blokadanı keçərsə, bu, iyulun ortasından bəri İran xam neftinin dəniz yolu ilə ilk ixracı olacaq.

Ərdəbil şəhərinin cümə imamı, Ekspertlər Məclisinin üzvü Həsən Amili tankerlərin tezliklə Xark adasından Çinə yola düşəcəyini deyib: “Silahlı qüvvələrimiz amerikalıları xəbərdar edib ki, onlara bir güllə atılsa, Fars körfəzi ölkələrindəki bütün neft mərkəzləri İranın qanuni hədəfi olacaq”. Deputat Məhəmməd Bayat da Vaşinqtona və region hökumətlərinə “ultimatum” verilməsini tələb edib.

Körfəzdə yeni gərginlik neft qiymətlərinə birbaşa təsir edir. Bu həftə “Azeri Light” nefti 98 dolları keçib; neft gəlirlərindən asılı olan Azərbaycan büdcəsi üçün qiymət artımı əlavə gəlir, regional müharibə riski isə nəqliyyat və ticarət üçün təhlükə deməkdir.

Digər xəbərlər