Son dəqiqə:

Hüquq müdafiəçisi 17 saylı həbsxanada aclıq edən dindar məhbusların döyüldüyünü deyir

Foto: Tony Webster, CC BY 2.0, Wikimedia Commons
06-11-2026 23:23

17 saylı Cəzaçəkmə Müəssisəsində hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən dindar məhbusların kütləvi şəkildə döyüldüyü və işgəncəyə məruz qaldığı iddia olunur. Bu barədə dindarların hüquqlarını müdafiə edən Arzu Abdulla noyabrın 6-da sosial şəbəkədəki paylaşımında yazıb.

Arzu Abdullanın yazdığına görə, təxminən 60 məhbus oktyabrın 13-15-də aclığa başlayıb, bundan əvvəl müəssisənin rəisi Şəfaət Abbasova yazılı müraciət ediblər. Penitensiar Xidmətdən aclığı dayandırmaq tapşırığı gəlsə də, məhbuslar aksiyanı davam etdiriblər, onlardan bir hissəsi isə cəza kamerasına salınıb.

Hüquq müdafiəçisi adı açıqlanmayan həbsxana əməkdaşlarına istinadla iddia edir ki, oktyabrın 21-də karserdə saxlanılan 20 məhbus bir-bir kameradan çıxarılaraq döyülüb. Onun sözlərinə görə, zorakılıqda müəssisənin rəisi, onun müavinləri və Penitensiar Xidmətin bəzi əməkdaşları iştirak edib, rəis isə döyülmə əmrinin Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Fikrət Qafarovdan gəldiyini deyib. Paylaşımda namaz qılan bir məhbusun başına təpiklə vurulduğu, bəzi məhbusların huşunu itirdiyi, başlarının zorla qırxıldığı və aclığı dayandırmasalar zorlanacaqları ilə hədələndikləri yazılıb.

Arzu Abdulla ən çox işgəncəyə Müsəlman Birliyi Hərəkatının üzvləri Tural Vəliyev və İbrahim Muradovun, eləcə də Əsəd Ağaşov, Aydın Hüseynzadə, Qalib Bəndəliyev və Mahmudağa Ağayevin məruz qaldığını bildirir. Onun sözlərinə görə, məhbusların aclığı guya könüllü dayandırdıqlarını göstərmək üçün onlar videoya çəkiliblər.

Hüquq müdafiəçisinin yazdığına görə, ailələr Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına dəfələrlə şikayət etsələr də, cavab almayıblar; Ombudsman Aparatı hər dəfə “baş çəkəcəyik” deyib, amma vaxt bildirməyib. Arzu Abdulla Penitensiar Xidmətin yeni rəhbərliyinin baş verənlərlə bağlı susduğunu da iddia edir.

Paylaşımda müəssisədəki şəraitlə bağlı da iddialar var: Arzu Abdullanın sözlərinə görə, 2022-ci ildən narkotik ittihamı ilə kütləvi həbs olunan şiə dindarların təxminən 90 faizi bu həbsxanaya göndərilib, yataq ləvazimatından ailə görüşünə qədər hər şey rüşvətlə həll olunur, görüşə gələn ailələr isə saatlarla gözlədilib geri qaytarılır.

Digər xəbərlər