Tramp İrana qarşı hərbi kampaniyanın yanvarın sonunadək maliyyələşdirildiyini deyir, Ukrayna üçün isə müddət qoymur

Arxiv foto: The White House, Public domain, Wikimedia Commons
25-11-2026 06:07

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi kampaniyasının 2027-ci ilin yanvarının sonunadək maliyyə ilə təmin olunduğunu bildirib: “Yanvarın sonuna qədər, ümumilikdə, maliyyəmiz var”, - deyib.

Tramp bunu “The New York Post” qəzetinə verdiyi müsahibədə deyib. Qəzet ondan aralıq seçkilərdə demokratların qələbəsindən sonra İrana mümkün zərbələr üçün vaxtın daralıb-daralmadığını soruşub. Qəzetin yazdığına görə, Tramp yanvarda yeni Konqres işə başlayanda hər iki palatada çoxluğu qazanan demokratların onun İranla bağlı hərbi imkanlarını məhdudlaşdıra biləcəyini qəbul edir. Tramp demokratların “qələbəni məğlubiyyətə çevirməyə” çalışdığını deyib.

Eyni müsahibədə Tramp ABŞ-nin İranda güc yolu ilə hakimiyyəti dəyişmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır, hakimiyyət dəyişikliyi isə heç vaxt onun üçün əsas meyar olmayıb. Tramp İsrailin İranda hakimiyyəti güc yolu ilə dəyişmək istəyi barədə sualı cavablandırarkən bunun mümkün olduğunu, amma özünün belə məqsəd güdmədiyini deyib.

Bu açıqlama bir gün əvvəl ABŞ mediasında Ağ Evdə İranın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi variantının müzakirə edildiyi barədə xəbərlərdən sonra gəlir. İran prezidenti Məsud Pezeşkian isə ABŞ ilə danışıqlar apardıqlarını, amma təslim olmayacaqlarını deyib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinə gəlincə, Tramp nizamlanma üçün dəqiq müddəti olmadığını deyib: “Heç bir müddətim yoxdur. Sadəcə bunun bitdiyini görmək istəyirəm. Bunun bu gün olmasını istərdim, amma tanqo üçün iki nəfər lazımdır”. Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ danışıqçılarının Moskva ilə Kiyev arasında razılaşmanın yanvaradək bağlanmasını istədiyi barədə sözləri soruşulanda Tramp gülərək “Bunu kim deyib?” cavabını verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə çərşənbə axşamı Ukrayna ilə bağlı danışıqların növbəti raundunun tarixinin hələ müəyyən edilmədiyini bildirib.

Digər xəbərlər