Ukrayna dronları Rusiyanın Samara vilayətinə hücum edib, “Rosneft”in iki zavodunda yanğın olduğu deyilir

Foto: Липунов Г.А., CC0, Wikimedia Commons
25-11-2026 09:19

Ukrayna gecə Rusiyanın Samara vilayətinə kütləvi dron hücumu edib. Vilayət qubernatoru Vyaçeslav Fedorişçevin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri 145-dən çox dron vurub, bir nəfər ölüb, bəzi ərazilərdə elektrik kəsilib. Qubernator hansı ərazilərin işıqsız qaldığını dəqiqləşdirməyib, bəzi məktəblərin dəyişdirilmiş qrafiklə işləyəcəyini deyib.

Ukrayna monitorinq kanalları Rusiyanın dövlət neft şirkəti “Rosneft”ə məxsus Kuybışev və Sızran neft emalı zavodlarının vurulduğunu yazır və yanğın görüntüləri yayır. Fedorişçev yerdə “nəticələr” olduğunu deyib, amma zavodların adını çəkməyib və sakinlərə hücumun nəticələrini çəkib yaymağın qadağan olduğunu xatırladıb.

Hər iki zavod əvvəl də Ukrayna dronlarının hədəfi olub. Kuybışev zavodu iyunda zədələr və yanğınlar səbəbindən işini dayandırmışdı. Sızran zavodu isə sentyabrda, Donald Tramp Rusiya ilə Ukrayna arasında “enerji atəşkəsi” elan edəndən dərhal sonra vurulmuşdu.

Liviyanın şərqindəki administrasiya Ukraynanın üzərinə götürdüyü Bengazi yaxınlığındakı Rusiya gəmilərinə hücumda yaralanan iki liviyalı əsgərin öldüyünü açıqlayıb. Hərbi komandir Xəlifə Hafterin oğlu Saddam Hafter Facebook-da əsgərləri “dəniz qüvvələrimizin qəhrəmanları”, Bengazi hərbi dəniz bazasına hücumu isə “cinayətkar” adlandırıb. Hafterin nəzarətindəki şərq administrasiyası illərdir Rusiya ilə yaxın hərbi əlaqələr saxlayır.

Rusiya Müdafiə Nazirliyi isə gecə Ukraynanın Çornomorsk limanında Ukrayna ordusuna yük daşıdığını iddia etdiyi gəmini vurduğunu bildirib. Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın hücumu nəticəsində Kiyevdən təxminən 64 kilometr aralıdakı Bila Tserkva şəhərində bir nəfər ölüb.

“Financial Times” qəzeti beş rəsmiyə istinadən yazır ki, Tramp administrasiyası Rusiyanı müharibəni dayandırmağa həvəsləndirmək üçün təklif etdiyi enerji və aviasiya sövdələşmələri planını kənara qoyub. Qəzetin məlumatına görə, Kreml bu təkliflərə az maraq göstərib.

Digər xəbərlər