Dələduzluqda ittiham olunan qadın məhbus aclıq aksiyasına başladığını deyir
Foto: Jobs For Felons Hub, CC BY 2.0, Wikimedia CommonsDələduzluq və xuliqanlıq ittihamı ilə həbsdə saxlanılan Məsmə Zeynalova aclıq aksiyasına başladığını bildirib. Onun sözlərinə görə, aclıqla bağlı rəsmi ərizə yazsa da, saxlanıldığı təcridxananın rəhbərliyi ərizəni qeydiyyata almayıb.
“Meydan TV” xəbər verir ki, Zeynalova həbsinə etiraz edir və özünü təqsirli bilmir. Onun işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılır. Zərərçəkmiş kimi tanınan şəxslər ondan 80 mindən çox pul tələb edir və qızıl alqı-satqısı üzrə əməkdaşlıq etdiklərini, satdıqları malın pulunu ala bilmədiklərini deyirlər.
“Meydan TV”nin məlumatına görə, məhkəməyə bu borcu təsdiqləyən qəbz, yazışma və ya səs yazısı təqdim edilməyib. Zeynalova məhkəmədə şikayətçilərdən biri Yalçın Feyzullayevin onun mərhum qardaşının şəriki olduğunu, birlikdə kürü satışı ilə məşğul olduqlarını, həmin malın hələ də soyuducuda saxlanıldığını deyib.
Yaxınları bildirir ki, 46 yaşlı Zeynalova 12 yaşından psixi xəstəlik səbəbilə qeydiyyatdadır və həbsdən sonra vəziyyəti ağırlaşıb. Onların sözlərinə görə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi onu 9 dəfə psixiatr, 2 dəfə psixoloq müayinəsindən keçirib, lakin məhkəmə tibbi ekspertiza təyin olunması və ev dustaqlığı ilə bağlı vəsatətləri təmin etməyib.
“Ondan tələb olunan məbləği ödəyərik, ancaq Məsmə buna razı deyil. O, etmədiyi cinayətin cəzasını çəkmək istəmir”, - deyə yaxınları bildirib. Zeynalova aclığı sona qədər davam etdirəcəyini deyir. O, əvvəllər birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət edərək işinin yenidən araşdırılmasını və tibbi ekspertizadan keçirilməsini xahiş edib.
Məhkəmə və təcridxana rəhbərliyi bu iddialara hələlik münasibət bildirməyib.


