Şabranın icra başçısından arpa pulunu istəyən kənd sakini böhtana görə cərimələnib
Foto: Ymblanter, CC BY-SA 4.0, Wikimedia CommonsŞabran rayonunun Uzunboyad kəndinin sakini Vüsal Muradov rayon icra hakimiyyətinin başçısı Asif Hüseynovun ondan 7 il əvvəl aldığı 15 ton toxumluq arpanın pulunu ödəmədiyini deyir. İcra başçısı bunu böhtan adlandırıb və kənd sakinini məhkəməyə verib.
Azadlıq Radiosu xəbər verir ki, 52 yaşlı Muradovun iddiasına görə, Hüseynov 2019-cu ilin oktyabrında köməkçisi ilə onun təsərrüfatına gəlib və arpanın kiloqramını 70 qəpikdən, ümumilikdə 10 min 500 manata almağa razılaşıb. Muradov deyir ki, bir neçə gün sonra Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin yük maşını və fəhlələr arpanı iki dəfəyə daşıyıb aparıb, pul isə indiyədək ödənilməyib.
Məhkəmədə Muradov 10 ton arpaya aid qaimə-fakturanı və kommunal müəssisənin yük maşınının evinin qarşısında çəkilmiş fotolarını təqdim edib. Yaşıllıq və Təmizlik İdarəsi maşının ona məxsus olduğunu təsdiqləyib, fotodakı fəhlənin orada işləmədiyini bildirib. Lakin Əmək Müfəttişliyi Xidməti həmin şəxsin idarədə bağ fəhləsi işlədiyini göstərib.
Asif Hüseynov ondan heç bir məhsul almadığını deyir. Onun nümayəndəsi idarənin maşınlarının gün ərzində rayonun hər yerində ola biləcəyini, Muradovun illər boyu nə məhkəməyə, nə də icra başçısının qəbuluna gəldiyini bildirib. Tərəfin iddiasına görə, Muradovun qardaşı Uzunboyad kənd bələdiyyəsinin sədri vəzifəsini itirdikdən sonra ailə icra başçısından qisas almağa çalışır. Muradov bunu rədd edir və icra başçısının dəfələrlə pulu ödəyəcəyinə söz verdiyini, buna görə şikayət etmədiyini deyir.
Xaçmaz rayon Məhkəməsi icra başçısının iddiasını əsassız sayıb və Muradova bəraət verib. Hüseynovun apellyasiya şikayətindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi noyabrın 5-də hökmü dəyişib, Muradovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilərək 1000 manat cərimələyib.


