Səudiyyənin başçılıq etdiyi koalisiya husilərin Mədinə bölgəsinə atdığı ballistik raketi vurduğunu deyir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya noyabrın 5-də Mədinə bölgəsinə doğru atılan ballistik raketi vurduğunu açıqlayıb. "Hava hücumundan müdafiə terrorçu husi milislərinin Mədinə bölgəsinə atdığı ballistik raketi vurub məhv edib", - koalisiyanın nümayəndəsi Türki əl-Maliki X sosial şəbəkəsində yazıb.
Bu açıqlamadan dəqiqələr əvvəl Səudiyyənin mülki müdafiə qurumu Yanbu ətrafı üçün təhlükə xəbərdarlığı yayıb. Qırmızı dənizdəki bu liman Şərq-Qərb neft kəmərinin son nöqtəsidir. Riyad bloklanmış Hörmüz boğazından yan keçərək neft və yanacağı buradan dünya bazarına çıxarır, husilər də son aylarda limanı dəfələrlə hədəf alıb.
Husilər krallığa qarşı hücumlarında aeroportları, enerji və hərbi obyektləri vurduqlarını, lakin Məkkə və Mədinəni hədəf almayacaqlarını dəfələrlə bildiriblər. Noyabrın 3-də koalisiya Məkkə ərazisində dron vurduğunu deyəndə, husilərin sözçüsü Yəhya Səri bunu "həyasız yalan" adlandırmışdı.
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı döyüşən hökumət qüvvələrini dəstəkləyən koalisiyaya rəhbərlik edir. Məkkə və Mədinə İslamın iki ən müqəddəs şəhəridir.