Son dəqiqə:

Milli Şuranın sədri Cəmil Həsənli: Ramiz Mehdiyevin məhkəməsi bitib, ölkədən çıxışıma qadağa isə qalır

Arxiv foto: Cəmil Həsənli, 2024. Voice of America, Public domain, Wikimedia Commons
05-11-2026 15:31

Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağanın hələ də qüvvədə olduğunu bildirib. O, noyabrın 5-də "Facebook" səhifəsində yazıb ki, üzvü olduğu Amerika Tarix Cəmiyyətinin 2027-ci il yanvarın 7-10-da Nyu-Orleanda keçiriləcək 140-cı illik toplantısına dəvət alıb.

Həsənlinin sözlərinə görə, məhdudiyyəti 2025-ci il noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qoyub. Həmin gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi üzrə ondan şahid ifadəsi alınıb. "Artıq məhkəmə başa çatıb. Bizim də məhkəmədə şahid kimi ifadə verməyimizi lazım bilməyiblər. Lakin stop stopluğunda qalır", - Həsənli yazıb.

Müxalifət lideri öz mövqeyini də təkrarlayıb: "Nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və ya iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olub". Rəsmi qurumlar hələlik bu barədə açıqlama verməyib.

Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunurdu. O, ötən ay 14 il şərti həbs cəzası alıb, cəzanın şərti olması yaşı və səhhəti ilə əsaslandırılıb.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və müavini Məmməd İbrahim də ötən il noyabrın sonunda həbs edilib. Onların işi sonradan Mehdiyevin işindən ayrılıb. Hər ikisi hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunur, ittihamı qəbul etmir, məhkəmələri davam edir.

Digər xəbərlər