Rusiya Gürcüstanın həbsdəki müxalifət liderinin partiyasını "arzuolunmaz" təşkilat elan edib
Foto: Droa!, CC BY 4.0, Wikimedia CommonsRusiya Baş Prokurorluğu noyabrın 5-də Gürcüstanın müxalifət partiyası "Droa"nı ölkə ərazisində "arzuolunmaz" təşkilat elan edib. Partiyanın lideri Elene Xoştariya hazırda həbsdədir.
Prokurorluq açıqlamasında partiyanı "kəskin rusofob baxışlarda" və Rusiyanın Gürcüstanla bağlı addımlarını "nüfuzdan salmaqda" ittiham edir. Sənədə görə, "Droa" iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı çıxır, viza rejiminin bərpasını və birbaşa uçuşların dayandırılmasını tələb edir, Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal etdiyini deyir, Ukraynanı dəstəkləyir.
Partiya cavabında yazıb ki, bu qərar Abxaziya və Samaçablonu (Cənubi Osetiya) işğal altında saydığına və "Gürcü Arzusu" hakim partiyasının Moskva ilə "gizli əlaqələrini" üzə çıxardığına görə verilib. "İvanişvilinin rus rejiminə son qoyacağıq", - bəyanatda deyilir. Bidzina İvanişvili hakim partiyanın qurucusudur.
Xoştariya 2025-ci il sentyabrın 15-də Tbilisi meri Kaxa Kaladzenin seçki bannerinə "Rus arzusu" yazdıqdan sonra saxlanılıb. Bu ilin martında o, əmlaka ziyan vurmaqda təqsirli bilinib və 1 il 6 ay həbs cəzası alıb. Xoştariya daha yeddi müxalifət lideri ilə birlikdə "sabotaj" işində də ittiham olunur, bu işdə uzunmüddətli həbs cəzası nəzərdə tutulur.


