Azərbaycanda ağıllı saatlara 20 manat aksiz, nağdsız ödənişə görə isə 0,9 faiz geri ödəniş təklif olunur
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz tətbiq ediləcək.
Mobil cihazlar 2025-ci ilin dekabrında qəbul edilən qanunla aksizli mallar siyahısına salınıb, bu qayda 2026-cı il yanvarın 1-dən qüvvədədir. Həmin qanuna görə, fiziki şəxs il ərzində şəxsi məqsəd üçün bir mobil cihazı gömrük ödənişi olmadan gətirə bilər.
Layihədə nağdsız ödəniş edən alıcılar üçün mal və xidmətin dəyərinin 0,9 faizinin geri qaytarılması da təklif edilir. Bu, sadələşdirilmiş vergi və ya gəlir, mənfəət vergisi ödəyən sahibkarlardan alış-verişə aid olacaq, ƏDV ödəyiciləri istisnadır. Əsas şərt fiskal qəbzin olmasıdır, vergidən azad edilən mallara isə bu qayda şamil edilməyəcək.
Vergi ödəyicisinə daha bir təklif maliyyə sanksiyası ilə bağlıdır: borcunu tələb irəli sürüləndən sonra 10 iş günü ərzində ödəyənlər üçün sanksiyanın məbləğində 10 faiz güzəşt nəzərdə tutulur.
Bundan əvvəl eyni Məcəlləyə çipsiyə və şirin içkilərə aksiz, kuryerlərə isə aylıq 15 manat vergi təklif edildiyi məlum olmuşdu.
