Son dəqiqə:

"Azərsu"nun keçmiş sədri ilə bağlı cinayət işinin ayrıca icraata ayrıldığı deyilir

İllüstrativ foto: Ceyranbatan su təmizləyici qurğusu. Lifekey23, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 15:04

"Azərsu" ASC-nin 2011-2021-ci illərdə sədri olmuş Qorxmaz Hüseynov və başqaları ilə bağlı cinayət işinin ayrıca icraata ayrıldığı deyilir.

"Qafqazinfo" saytı əldə etdiyi məlumata istinadən yazır ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin dövrdəki pozuntuları araşdırıb və milyonlarla dövlət vəsaitinin mənimsənildiyini aşkar edib. Saytın yazdığına görə, müqavilələri İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov imzalayıb, onlar barəsində cinayət təqibi davam edir. Bu şəxslər məhkəməyə göndərilən işdə isə şahid kimi dindirilib.

Həmin işdə ittiham "Azərsu"nun sabiq rəhbər işçisi Sədai Əliyevə irəli sürülüb. "Qafqazinfo" onun adı çəkilən şəxslərlə əlbir olaraq 3 milyon manat zərər vurmaqda ittiham olunduğunu yazır.

"Haqqın" saytının noyabrın 4-də məhkəmədən verdiyi xəbərdə isə bu məbləğ 4 milyon manat kimi göstərilmişdi. Əliyev ittihamı qəbul etmir. O, iki dəfə məhkəmə qərarı ilə işə bərpa olunduğunu, son qərarın 16 aydır icra edilmədiyini və ittihamın buna görə irəli sürüldüyünü deyir. Məhkəmə hələ hökm çıxarmayıb, işə mahiyyəti üzrə noyabrın 11-də baxılacaq.

Digər xəbərlər