Son dəqiqə:

Yaxınları: 9 il həbs cəzası alan jurnalist Hafiz Babalı bir ay yarımdır dərmanla təmin olunmur

Arxiv foto: Hafiz Babalı, 2023. Voice of America, Public domain, Wikimedia Commons
05-11-2026 15:30

"Abzas Media işi" üzrə həbs cəzası çəkən araşdırmaçı jurnalist Hafiz Babalının yaxınları deyir ki, onun dərman təminatı bir ay yarımdır dayandırılıb. Babalı Ədliyyə Nazirliyinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

"Abzas Media" yaxınlarına istinadən xəbər verir ki, Babalı damar xəstəliyindən əziyyət çəkir, onun üçüncü qrup görmə əlilliyi də var. Yaxınlarının sözlərinə görə, jurnalist ixtisaslı həkimin təyin etdiyi göz təzyiqi dərmanını da əldə edə bilmir.

Babalı vəkilinə bildirib ki, müəssisənin tibb-sanitar hissəsinin baş həkimi Səddam Hüseynli dərmanların dayandırılmasını satınalma müsabiqəsi ilə izah edib. "Abzas Media" Penitensiar Xidmətdən bu barədə konkret məlumat ala bilmədiyini yazır.

Babalı 2023-cü ilin dekabrında həbs edilib. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə və onu 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay həbs cəzasına məhkum edib. Bakı Apellyasiya Məhkəməsi sentyabrın 9-da hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu işi Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş təzyiqlərin bir hissəsi sayır. Azərbaycan rəsmiləri isə ölkədə siyasi motivli həbslərin olması barədə iddiaları rədd edir.

Digər xəbərlər