Finlandiyada sualtı kabellərin zədələnməsi işi üzrə azərbaycanlı gəmi bosmanı 2 il 10 ay həbs cəzası alıb
Helsinki Dairə Məhkəməsi "Fitburg" yük gəmisinin bosmanı, Azərbaycan vətəndaşı Vüsal Məcidovu 2 il 10 ay, kapitan Andrey Maksimenkonu isə 3 il 6 ay həbs cəzasına məhkum edib. İş 2025-ci il dekabrın 31-də Finlandiya körfəzində sualtı kabellərin zədələnməsi ilə bağlıdır.
Məhkəmənin qərarına görə, gəmi Finlandiyanın ərazi sularından kənarda lövbəri dəniz dibi ilə təxminən 130 kilometr sürüyüb. İki telekommunikasiya kabeli zədələnib, daha səkkiz kabel və qaz kəməri təhlükə altında qalıb. Hadisə ərazi sularından kənarda baş versə də, məhkəmə nəticələri Finlandiyaya toxunduğu üçün işə baxmağa səlahiyyətli olduğunu bildirib.
Məhkəmə müəyyən edib ki, lövbər dekabrın 30-da gəmi Sankt-Peterburq limanından çıxanda qaldırılmış vəziyyətdə olub, Rusiyanın ərazi sularından çıxmazdan əvvəl isə endirilib. İttiham tərəfi kapitanın bunu əmr etdiyini və ya Məcidovun lövbəri endirməkdə fəal iştirak etdiyini iddia etməyib. Məhkəmə isə hər ikisinin lövbərin aşağıda olduğunu bilməli olduğu qənaətinə gəlib.
Hökmdə deyilir ki, Məcidov Finlandiya orqanları gəmi ilə ilk dəfə əlaqə saxlayandan sonra gəminin təxminən iki saat də yoluna davam etməsinə fəal töhfə verib və lövbərin qaldırılmasını təmin etmək vəzifəsini yerinə yetirməyib. Daha böyük məsuliyyət isə gəminin idarəsinə cavabdeh olan kapitanın üzərinə qoyulub.
Hər iki dənizçi təqsirini qəbul etmir. Məcidov məhkəmədə kabellərin "Fitburg" tərəfindən zədələnib-zədələnmədiyini dəqiq bilmədiyini deyib. Prokurorlar ən azı 2 il 6 ay cəza istəmişdi, məhkəmə bundan ağır cəza verib. Məhkumlar kabellərin və kəmərin təmir xərclərini, istintaq xərclərini birgə ödəməlidir. Qərar yekdil olub, ondan şikayət verilə bilər.