Reuters: Trampın dövründə ABŞ kəşfiyyatında İranla bağlı məlumat mübadiləsi ləngiyib, bəzən dayanıb
Arxiv foto: CIA-nın qərargahı. Carol M. Highsmith, Public domain, Wikimedia CommonsABŞ-də İran və digər qlobal təhlükələrlə bağlı kəşfiyyat məlumatlarının paylaşılması Donald Trampın ikinci prezidentliyi dövründə ləngiyib, bəzi hallarda müvəqqəti dayanıb.
Reuters agentliyi səkkiz cari və keçmiş rəsmiyə, işdən xəbərdar şəxslərə istinadən yazır ki, bu, Vaşinqtonun aralıq seçkilərdən sonra İrana zərbələri bərpa edib-etməməyi müzakirə etdiyi vaxta düşür və qərar verənlərin təhlükələr barədə natamam mənzərə görə biləcəyi narahatlığı yaradır.
Agentliyin məlumatına görə, səbəb ştat ixtisarları, analitiklərə siyasi təzyiq və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə Milli Kəşfiyyat İdarəsi arasında gərginlikdir. CIA Milli Kəşfiyyat Şurası ilə bəzi qiymətləndirmələri birgə hazırlamağı dayandırıb. Bəzi analitiklər cəza qorxusu ilə Ağ Evin mövqeyinə zidd rəy yazmaqdan çəkinir.
Reuters-in mənbələri deyir ki, 2025-ci ilin iyununda ABŞ-nin İrana hərbi müdaxiləsindən və 2026-cı ilin yanvarında Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra Konqres üzvləri də müvəqqəti olaraq kəşfiyyat hesabatları almayıb.
“Bütün bunlar çox mürəkkəb bir dünyada üst-üstə gəlir. Siyasətçilərə dünyaya daha incə və bütöv baxış lazımdır, onlar isə daha azını alır”, - Milli Kəşfiyyat direktorunun sabiq müavini Bet Sanner agentliyə deyib.
CIA Prezidentin gündəlik brifinqi və Milli Kəşfiyyat Şurası ilə işlər daxil olmaqla, qiymətləndirmə proseslərində tam iştirak etdiyini bildirib. Milli Kəşfiyyat İdarəsi isə şuranın işinin ciddi azaldığını təkzib edərək hazırlanan qiymətləndirmələrin sayının tarixi səviyyəyə yaxın olduğunu deyib.


