Son dəqiqə:

Erməni qəzeti: Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadəsində qadının silahından yapışdığını, atəş açmağa məcbur qaldığını deyib

İllüstrativ foto, Sünikdə Şaki çayı: Ավետիսյան91, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 13:18

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin dindirilmədə heç kimə zərər vermək niyyətində olmadığını dediyi bildirilir.

Ermənistanın "Joxovurd" qəzeti yazır ki, Musayev ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, qadının silahından yapışdığını, bundan sonra atəş açmağa məcbur qaldığını deyib. Qəzetə görə, o, yazılı ifadəsində qadının və ailə üzvlərinin hadisədən sonra onu döydüyünü və bıçaqla xəsarət yetirdiyini də bildirib.

Erməni tərəfi hadisəni başqa cür təsvir edir. Ermənistan İstintaq Komitəsi Musayevi ağır bədən xəsarəti yetirmə, qanunsuz silah daşıma, yaşayış evinə icazəsiz girmə, sərhədi qanunsuz keçmə və silah qaçaqmalçılığı ittihamları ilə saxlayıb. Bu tərəfin iddiasına görə, o, oktyabrın 1-də Sünikdəki Şaki kəndində yerli sakin Ani Avetisyanı evində yaralayıb, onun iki uşağına da xəsarət yetirilib.

İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 4-də parlamentdə ifadənin təfərrüatını açıqlamaqdan imtina edib. "Deyə biləcəyim yeganə şey odur ki, onun öldürmək niyyəti olmayıb", - Poqosyan deyib. O, əlavə məlumatın noyabrın 5-də parlamentin qapalı iclasında veriləcəyini və araşdırmanın tezliklə bitəcəyini bildirib. Poqosyan bundan əvvəl hərbçinin ifadəsinə istinadən onun dumanda yolunu azdığını demişdi.

Baş nazir Nikol Paşinyan oktyabrda hadisəni "adi cinayət hadisəsi" adlandırıb, Avetisyanın evə girmək əvəzinə polisi gözləməli olduğunu deyib. Bu söz Ermənistanda narazılıq yaradıb, qadının yaxınları da onu tənqid edib.

Azərbaycan Baş Prokurorluğu Laçın istiqamətində xidmət edən Musayevin sentyabrın 26-dan itkin düşdüyünü təsdiqləyib və onun hərbi hissəni "özbaşına tərk etməsinə dair əsaslı şübhələr" olduğunu bildirib.

Digər xəbərlər