Ərdoğan gərginlik fonunda 8 noyabrda Bakıya gəlməyi planlaşdırdığını deyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana gələcəyini deyib. Azərbaycanda bu tarix Zəfər Günü kimi qeyd olunur.
"Ümid edirəm ki, bu səfər zamanı lazımi addımları atmaq imkanımız olacaq", - Ərdoğan bildirib. O, İlham Əliyevlə telefonla danışdığını, kəşfiyyat rəhbərini və xarici işlər nazirini də Azərbaycana göndərdiyini xatırladıb. "Türkiyə və Azərbaycan qardaşlığının, Allahın izni ilə, aşa bilməyəcəyi heç bir maneə yoxdur", - deyib.
Bu sözlər iki ölkə arasında son həftələrdə davam edən gərginlikdən sonra səslənir. Sentyabrın 24-də BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahu danışanda Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi Türkiyədə tənqid olunub. Oktyabrın 2-də Əliyev heç kimin Azərbaycanın daxili işlərinə qarışmamalı olduğunu və alınan bütün silahların pulunun ödənildiyini deyib. O, ölkə adı çəkməsə də, bu sözlər Türkiyədən gələn tənqidlərə cavab kimi qiymətləndirilib.
Oktyabrda məktəblərdə hicab məhdudiyyəti mübahisəni daha da artırıb, Türkiyədə bəzi rəsmilər və ictimai şəxslər bunu tənqid edib. Oktyabrın 15-də Bakıdakı sammitdə Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail Prezidenti İsxak Hersoqun çıxışı başlayanda zalı tərk edib. Oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi ölkə rəhbərliyinə qarşı açıqlamalarını əsas gətirərək 31 Türkiyə vətəndaşını "arzuolunmaz şəxs" elan edib.
Həmin gün Ərdoğan Əliyevə zəng edib onu oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitinə dəvət edib. Əliyev tədbirə getməyib, Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Ərdoğan jurnalistlərə Ukrayna müharibəsindən də danışıb: o, Volodimir Zelenski ilə Türkiyədə müharibənin bitirilməsini müzakirə etdiyini, indi eyni mövzuda Vladimir Putinlə danışmağı planlaşdırdığını deyib.