Ağ Ev Melaniya Trampın noyabrın 5-də Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyini açıqlayıb, Kreml bundan xəbərsiz olduğunu deyir
Foto: Régine Mahaux, Public domain, Wikimedia CommonsABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri ilə görüşəcək. Ağ Evin açıqlamasında deyilir ki, o, "fəal müharibə vəziyyətində olan iki ölkənin" nümayəndələrini şəxsən bir araya gətirəcək və bu, "Amerika tarixində müstəsna an" olacaq.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin bu barədə sualına "Mən bu barədə heç nə bilmirəm" cavabını verib. Rusiya və Ukraynanı görüşdə kimin təmsil edəcəyi açıqlanmayıb. Peskov eyni gün Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirə olunacağını da deyib.
Melaniya Tramp həmin gün Rusiyanın işğal etdiyi Xerson vilayətinin Oleşki şəhərindəki humanitar əməliyyat barədə çıxış edəcək. Ağ Ev oktyabrın 23-də Rusiya və Ukraynanın sakinlərin şəhəri təhlükəsiz tərk edə bilməsi üçün döyüşləri dayandırmağa razılaşdığını və razılığın birinci xanımın iştirakı ilə əldə olunduğunu açıqlamışdı. Tərəflər oktyabrın 27-dən noyabrın 1-dək atəşi dayandırıb, sakinlərə Rusiyaya və ya Ukraynaya getmək imkanı verilib. Missiyaya Rusiya tərəfdən insan hüquqları üzrə müvəkkil Yana Lantratova, Ukrayna tərəfdən ombudsman Dmitro Lubinets nəzarət edib. Neçə nəfərin şəhəri tərk etdiyi məlum deyil.
Fransanın "Le Monde" qəzeti yazıb ki, Oleşkidən təxliyəni əslində Rusiya və Ukrayna kəşfiyyatları hazırlayıb, əməliyyat isə Melaniya Trampın vasitəçiliyinin nəticəsi kimi təqdim olunub.
Oleşki 2022-ci ildə, müharibənin başlanğıcında işğal olunub. 2026-cı ilin payızında şəhər sakinləri yemək, işıq və normal tibbi yardımsız qalmışdı.


