Tramp ABŞ-nin İsrailə ildə 4 milyard dollarlıq yardımını ilin sonunadək dayandıracağını deyib: "Onlara lazım deyil"
Foto: Dan Scavino, Public domain, Wikimedia CommonsABŞ prezidenti Donald Tramp noyabrın 3-də aralıq seçkilərində səsvermə başlayandan sonra Fox News telekanalına deyib ki, Vaşinqton İsrailə hər il verdiyi 4 milyard dollarlıq yardımı bu ilin sonunadək dayandıracaq. Onun sözlərinə görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə "aylar əvvəl" razılığa gəliblər.
"Artıq razılaşmışıq ki, ilin sonunadək İsrailə pul ödəməyəcəyik. Lazım gələrsə, İsrailə kömək edəcəyik", - Tramp deyib. Yardımın niyə dayandırıldığı sualına o, "çünki onlara lazım deyil, lazım olsaydı, davam edin deyərdim" cavabını verib. Söhbətin hansı yardım növündən getdiyi aydın deyil: "Əl-Cəzirə"nin sorğusuna ABŞ Dövlət Departamenti dərhal cavab verməyib, İsrail tərəfinin münasibəti də hələlik məlum deyil.
ABŞ ilə İsrail arasında 2016-cı ildə imzalanmış anlaşma memorandumu 2019-2028-ci illər üçün Vaşinqtonun hər il 3,8 milyard dollar hərbi yardım ayırmasını nəzərdə tutur. Tramp bu rəqəmi yuvarlaq şəkildə "4 milyard" adlandırıb.
İsrailə yardım və İsrail tərəfdarlarının ABŞ-dəki seçki kampaniyalarına ianələri bu il həm demokratlar, həm də respublikaçılar arasında mübahisə mövzusuna çevrilib. İyulda Nümayəndələr Palatası respublikaçı konqresmen Tomas Messinin İsrailə yardımı kəsmək təklifini 314 səslə 104 səsə qarşı rədd etmişdi, demokratların təxminən yarısı təklifə səs vermişdi. Trampla arası dəymiş sabiq konqresmen Marcori Teylor Qrin X-də yazıb ki, respublikaçıların aralıq seçkilərdə "darmadağın olmaq ərəfəsində" olması "ürəkləri necə də dəyişir" və "Trampın Netanyahudan illik yardımı dayandırmaq üçün icazə alması bugünkü seçkinin nəticəsini dəyişməyəcək".
ABŞ-nin yardımı İsrailin 2023-cü ilin oktyabrından Qəzzada apardığı müharibə dövründə də davam edib. Qəzza Səhiyyə Nazirliyinin noyabrın 2-nə olan məlumatına görə, təkcə keçən ilki atəşkəsdən bəri İsrailin hücumları nəticəsində 1593 fələstinli öldürülüb; BMT-nin insan hüquqları ofisi fələstinlilərin getdikcə daha kiçik əraziyə sıxışdırıldığını bildirir. İsrail öldürülənlərin çoxunun Həmas üzvü olduğunu iddia edir.


