Son dəqiqə:

"Financial Times": Rusiya Ukraynada işlətdiyi raketlər üçün İrana 90 helikopter qurğusu satmağa razılaşıb

Arxiv foto, "Mi-28" helikopterləri: Doomych, Public domain, Wikimedia Commons
05-11-2026 12:49

Rusiyanın İrana "Mi-28" hücum helikopterləri üçün 90 raket buraxılış qurğusu satmağa razılaşdığı bildirilir. Bu qurğular Rusiya ordusunun Ukraynada geniş işlətdiyi LMUR dəqiq idarəolunan raketlərini daşıyır.

"Financial Times" qəzeti yazır ki, bunu 2024-2025-ci illəri əhatə edən Rusiya müdafiə sənayesinin istehsal cədvəli göstərir. Cədvəldə 90 ədəd APU-L qurğusu "K-10" kodlu alıcıya yazılıb, qəzetə görə, Rusiyanın dövlət silah ixracatçısı bu kodu İran üçün işlədir. Sənədləri qəzetə Ukraynanın özəl kəşfiyyat təşkilatı "Dallas Analytics" verib.

Sənədlərdən qurğuların İrana çatdırılıb-çatdırılmadığı bilinmir. İran rəsmiləri 2023-cü ilin noyabrında "Mi-28" alışının yekunlaşdığını açıqlamışdı, 2026-cı ilin yanvarında internetdə Tehranda bu helikopterin fotoları yayılıb.

Qəzet sentyabrda da yazmışdı ki, Rusiya İrana gizli şəkildə səsdən sürətli qanadlı raket mühərriki hazırlamağa kömək edib. O araşdırmaya görə, proqram 2023-cü ildə başlayıb və bu ilki müharibə zamanı da davam edib, lakin belə raketin istifadəyə verildiyinə dair dəlil tapılmayıb. İran isə əvvəllər Rusiyaya Ukraynada işlədilən "Şahed" dronlarını verib və onların istehsalını qurmağa kömək edib.

Qərb kəşfiyyat rəsmiləri qəzetə Moskva ilə Tehranın hərbi əməkdaşlığının bu ilki müharibədə gücləndiyini deyiblər. Bu, Donald Trampın Rusiyanın İrana çox az kömək etdiyi barədə sözləri ilə ziddiyyət təşkil edir. ABŞ-dəki Ceyms Martin Mərkəzinin eksperti Hanna Notte isə həddən artıq böyütməmək lazım olduğunu bildirir: "Rusiyanın verdiyi dəstək əməliyyat baxımından faydalıdır, amma bu müharibədə vəziyyəti dəyişən amil deyil".

Digər xəbərlər